Növbəti nəsil oyun konsollarının bazara çıxışı 2027–2028-ci illərə qədər təxirə salına bilər. Konsol istehsalçıları bu variantı ciddi şəkildə müzakirə edirlər. Səbəb isə operativ yaddaşın (RAM) misli görünməmiş bahalaşmasıdır.
Mənbələrin bildirdiyinə görə, mövcud şəraitdə yeni konsolları münasib qiymətə istehsal etmək demək olar ki, mümkün deyil. Buna görə də bazarın əsas oyunçuları gözləmə mövqeyi tutmağı düşünür: ehtimal olunur ki, bir neçə il ərzində yaddaş çipləri istehsalçıları istehsal güclərini artıraraq həm süni intellekt sektoru, həm də istehlakçı elektronikası üçün tələbatı qarşılaya biləcəklər.
Bununla yanaşı, qiymət artımının təsiri indiki nəsil konsollardan da yan keçməyəcək. PlayStation 5 və Xbox Series satışa COVID-19 pandemiyası dövründə çıxmış, yarımkeçirici böhranı ilə üzləşmişdi. İndi isə nəsil dövrünün sonu yeni bir texnoloji böhranla üst-üstə düşür. Nəticədə, hətta 5 il əvvəl çıxmış konsolların belə qiyməti artmağa davam edir.
Yaddaş böhranı fonunda Steam Deck modellər xəttinin faktiki olaraq dayandığı, Valve-ın gələcək Steam Machine konsolunun isə uğurunun sual altında olduğu qeyd olunur. Hətta bu konsolun çıxış tarixi və qiyməti hələ də açıqlanmayıb.
