Reddit Avstraliyanın 16 yaşdan kiçiklər üçün sosial şəbəkələrə girişə qoyduğu qadağanın ləğvi tələbi ilə ölkənin Ali Məhkəməsinə müraciət edib.
Şirkət bu məhdudiyyəti “siyasi müzakirə azadlığına müdaxilə” kimi qiymətləndirir. Reuters-in məlumatına görə, Reddit iddia ərizəsində bildirir ki, qadağa ölkə konstitusiyasına ziddir və vətəndaşların azad siyasi kommunikasiya hüququnu pozur.
Reddit həmçinin hesab edir ki, hətta məhkəmə qanunu legitim saysa belə, platforma həmin qadağa siyahısından çıxarılmalıdır, çünki şirkət qanunda göstərilən “sosial şəbəkə” tərifinə düşmədiyini iddia edir.
Bu, mübahisəli qadağaya qarşı ikinci məhkəmə iddiasıdır — ilkini iki yeniyetmə qaldırmışdı. Lakin 44 milyard dollar kapitallaşmaya malik böyük bir şirkətin ilk dəfə bu qanuna qarşı məhkəməyə əl atması diqqət çəkib.
Avstraliya rəsmiləri isə qadağanı müdafiə edir. Hökumət nümayəndəsi Uells bildirib ki, kabinet “platformalardan yox, Avstraliya valideynləri və uşaqlarından yana”dır və gəncləri sosial şəbəkələrin zərərindən qorumaqda qətiyyətlidir. Səhiyyə naziri Mark Batler Reddit-in mövqeyini tənqid edərək şirkətin davranışını tütün şirkətlərinin tənzimləmələrə qarşı mübarizəsinə bənzədib və hökumətin “hər mərhələdə mübarizə aparacağını” deyib.
Qadağa 10 dekabrda qüvvəyə minib. Tələblərə əməl edə bilməyən platformaları 49,5 milyon avstraliya dollarına (təxminən 33 milyon ABŞ dolları) qədər cərimə gözləyir.
