Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Silikon Vadisinə səfəri çərçivəsində Silkroad Innovation Hub-da olub.
Səfər zamanı nazir mərkəzin təsisçisi Asset Abdualiyev ilə görüşərək mərkəzin fəaliyyəti, həyata keçirilən proqramlar və region startaplarına göstərilən dəstək mexanizmləri ilə yaxından tanış olub. Görüşdə Azərbaycanın innovasiya ekosisteminin inkişafı, yerli startapların qlobal bazarlara — xüsusilə ABŞ bazarına çıxış imkanları, eləcə də potensial əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qeyd edək ki, Silikon Vadisində fəaliyyət göstərən Silkroad Innovation Hub Mərkəzi Asiya və Azərbaycan regionunda formalaşan startapların inkişafını dəstəkləyən mühüm innovasiya platformalarından biridir. Mərkəz startapların ABŞ-də innovasiya ekosisteminə inteqrasiyasına, beynəlxalq tədbir və layihələrdə iştirakına, eləcə də mentorluq və şəbəkələşmə imkanlarına çıxışını təmin edir.
Bu cür görüşlər Azərbaycanın startap ekosisteminin beynəlxalq səviyyədə mövqelərinin möhkəmləndirilməsinə və innovasiya yönümlü əməkdaşlıqların genişləndirilməsinə töhfə verir.
