Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalardan yayınmaq və əməliyyatların görünməzliyini təmin etmək məqsədilə Rusiya bankları Çinlə ticarət əməliyyatlarını sadələşdirən xüsusi sistem qurublar. Bu sistem şərti olaraq "China Track" adlandırılır və "Reuters"in məlumatına görə, artıq bir müddətdir ki, uğurla fəaliyyət göstərir.
Məlumatlara əsasən, bu təşəbbüsə sanksiyalara məruz qalan iri Rusiya bankları qoşulub. Sistem, ənənəvi beynəlxalq bank əməliyyatlarında istifadə olunan SWIFT şəbəkəsi və Qərb banklarındakı hesablar olmadan işləyir. Əvəzində, dost ölkələrdə yerləşən vasitəçi şirkət və təşkilatlardan istifadə olunur.
Hər bir bank özünün bir neçə etibarlı ödəniş agenti vasitəsilə əməliyyatlar aparır. Bu agentlərdən bəziləri ixrac, digərləri isə idxal əməliyyatlarını həyata keçirir. Daha sonra bütün ödənişlər bank tərəfindən mərkəzləşdirilmiş şəkildə idarə olunur. Hələlik bu sistemdə iştirak edən bankların adları açıqlanmayıb.
Bəzi mənbələrin dediyinə görə, bu sistem vasitəsilə Çin banklarına birbaşa və ləngimədən ödənişlər etmək mümkündür — lakin bunun üçün iki şərt var: məhsul sanksiyaya məruz qalmamalı və tərəf müqabili Çin daxilində müəyyən olunmuş 11 vilayətdən birində qeydiyyatdan keçmiş olmalıdır.
Bu sistem əsasən böyük şirkətlər üçün nəzərdə tutulub və bəzi çatışmazlıqlara malikdir. Məsələn, hər bir ödəniş ayrı-ayrılıqda təsdiqlənməlidir. İdxal əməliyyatları üçün xidmət haqqı ən azı 1%, ixrac üçün isə 0.5% təşkil edir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə Çinlə hesablaşmalarda çətinliklərin artdığı dövrdə bu komissiya 12%-ə qədər yüksəlmişdi.
"Bloomberg"in məlumatına görə, 2024-cü ilin əvvəlində Çin dövlət bankları Rusiya ilə iş görən müştərilər üçün şərtləri sərtləşdirmişdi. Yay aylarında Reuters xəbər verirdi ki, Rusiya şirkətləri hesablaşma çətinliklərini aradan qaldırmaq üçün müxtəlif alternativ yollar axtarırdılar. "China Track" məhz bu ehtiyacdan doğan və daha sistemli şəkildə qurulan yeni mexanizmdir.