Az | EN

Rusiya Starlink analoqunun istehsalına başlayır

Cəmil Hüseynzadə
19 Yanvar 2026 11:15
55 baxış
Rusiya Starlink analoqunun istehsalına başlayır

Rusiyanın Starlink peyk interneti sisteminə analoq olan layihənin seriyalı istehsalı 2026-cı ildə başlayacaq. Bu barədə “Roskosmos”un rəhbəri Dmitri Bakanov “Birinci kanal”ın efirində məlumat verib. Xəbəri TASS yayıb.

Bakanovun sözlərinə görə, peyk “Zorkiy” adlanır. O, kosmosdan çəkilən görüntülər əsasında rəqəmsal xəritələrin hazırlanmasını təmin edəcək. Həmin xəritələr gələcəkdə pilotsuz aparatların hərəkəti üçün istifadə olunacaq.

“Bu il artıq həmin avadanlığın seriyalı istehsalına başlanılacaq”, – deyə Roskosmos rəhbəri bildirib.

Planlara əsasən, 2027-ci ilə qədər orbitdə 300-dən çox peyk yerləşdiriləcək. Bakanov vurğulayıb ki, əsas məqsəd yerüstü rabitə şəbəkələri ilə əhatə olunmayan ərazilərin əlaqə ilə təmin edilməsidir.

Rusiyanın Starlink analoqunun yaradılması ilə “Büro 1440” şirkəti də məşğul olur. Layihəyə 400 milyard rubldan çox vəsait ayrılması nəzərdə tutulur.

Bundan əlavə, “Büro 1440” Rosaviasiya ilə əməkdaşlıq edərək təyyarə bortlarından genişzolaqlı internetə çıxışın təmin olunması üzərində çalışır. Bu layihənin 2027–2028-ci illərdə reallaşdırılması mümkündür.

© copyright 2022 | tech.az | info@tech.az