Süni intellekt əsasında səs texnologiyaları hazırlayan ElevenLabs yeni maliyyələşmə raundu üzrə danışıqlar aparır. Financial Times-ın mənbələrə istinadən yazdığına görə, bu raund çərçivəsində şirkətin bazar dəyəri 11 milyard dollara çata və “yüz milyonlarla dollar” investisiya cəlb oluna bilər.
Belə bir razılaşma ElevenLabs-ı Böyük Britaniyanın ən bahalı süni intellekt startapına çevirə bilər. Bu halda şirkət hazırda təxminən 8 milyard dollar dəyərində qiymətləndirilən, avtonom idarəetmə texnologiyaları üzərində çalışan Wayve-i də geridə qoyacaq. Qeyd olunur ki, 2025-ci ilin payızında ElevenLabs-ın dəyəri ikinci dərəcəli səhm satışı zamanı 6,6 milyard dollar olaraq qiymətləndirilib.
ElevenLabs süni intellekt vasitəsilə realistik səslərin yaradılması ilə məşğuldur. Platforma mətnin səsə çevrilməsi, çoxdilli dublyaj və müştəri dəstəyi kimi sahələrdə istifadə olunur. Şirkət 2025-ci ildə 330 milyon dollar həcmində illik davamlı gəlirə (ARR) çatıb.
Startap 2022-ci ildə Londonda polyak sahibkarlar Mati Staniszevski və Petr Dobkovski tərəfindən təsis edilib. 2025-ci ilin yanvarında ElevenLabs 3,3 milyard dollar dəyər ilə 180 milyon dollar investisiya cəlb etmişdi.
