Az | EN

Rusiyada 14 yaşından kiçik uşaqlar üçün sosial media istifadəsi qadağan edilə bilər

Cəmil Hüseynzadə
05 Noyabr 2024 13:18
6145 baxış
Rusiyada 14 yaşından kiçik uşaqlar üçün sosial media istifadəsi qadağan edilə bilər

Rusiyada 14 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişinin məhdudlaşdırılması təklif edilib. Bu haqda "İzvestiya" məlumat yayıb.

Bu təklif biznes-vətənpərvərliyin inkişafı üzrə "AVANTI" sahibkarlar assosiasiyasının prezidenti Rəhman Yansukov tərəfindən irəli sürülüb və Rusiya Baş naziri Mixail Mişustinə, Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Dövlət Dumasının sədri Vyaçeslav Volodinə ünvanlanıb.

Məktubda qeyd olunur ki, son dövrlərdə assosiasiyaya ölkə daxilində fəaliyyət göstərən biznes nümayəndələrindən sosial şəbəkələrdə qadağan olunmuş məzmunun mövcudluğu və uşaqların həmin platformalara girişinin hüquqi tənzimlənməməsi ilə bağlı şikayətlər daxil olur.

Uşaqların sosial şəbəkələrə girişini məhdudlaşdırmaq üçün təklif edilir ki, qeydiyyat zamanı pasport fotosu tələb edilsin. Artıq qeydiyyatdan keçmiş istifadəçilər üçün isə yenidən yoxlama prosesi tətbiq olunması nəzərdə tutulur.

Məktubda əlavə olaraq yeni qaydaları tətbiq etməyən sosial şəbəkələrin fəaliyyətinin məhdudlaşdırılması təklifi də yer alıb.

© copyright 2022 | tech.az | info@tech.az