Rusiyada ilk dəfə olaraq bir şəxs YouTube platformasında videolara “like” verdiyinə görə cərimələnib. Murmansk vilayətində yaşayan təqaüdçü Vasili Yovdi xarici agent kimi tanınan şəxslərin paylaşımlarına müsbət reaksiya verdiyi üçün 30 min rubl (təxminən 330 ABŞ dolları) məbləğində cərimə olunub.
Məlumata görə, Ukrayna vətəndaşı olan və Rusiyada yaşamaq icazəsinə sahib Vasili Yovdi YouTube-da terror aktı ilə bağlı videoya “like” qoyub. Video Rusiya Ədliyyə Nazirliyinin xarici agentlər reyestrinə daxil edilmiş şəxs tərəfindən paylaşılıb.
Məhkəmə qərarında bildirilir ki, sözügedən “like”lar Murmansk vilayətinin Alakurtti kəndində FSB-nin Sərhəd İdarəsi tərəfindən aparılan yoxlama zamanı aşkar edilib. Məhkəmə YouTube-da “like”ların digər istifadəçilərə görünməməsinə baxmayaraq, bu hərəkətləri “ictimai xarakterli” hesab edib.
Kovdor rayon məhkəməsi təqaüdçünü “Rusiya Silahlı Qüvvələrinin istifadəsinin nüfuzdan salınmasına yönəlmiş ictimai hərəkətlərdə” təqsirli bilib. Məhkəmə onun əməllərini “yüksək ictimai təhlükə” kimi qiymətləndirsə də, cəza təyin edilərkən təqsiri etiraf etməsi, peşmanlığı, himayəsində şəxslərin olmaması və əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsi nəzərə alınıb.
Nəticədə, Vasili Yovdiyə 30 min rubl (təxminən 330 ABŞ dolları) məbləğində cərimə kəsilib.
