Rusiyanın “Rassvet” peyk interneti sisteminə daxil olan iki peyk orbitini yüksəldə bilməyib və hazırda Yer səthindən 230 kilometrdən aşağı hündürlükdə hərəkət edir. Astrofizik Conatan Makdauellin məlumatına görə, bu peyklər növbəti 24–48 saat ərzində atmosferdə yanaraq sıradan çıxa bilər. Qruplaşmanın digər peyklərinin əksəriyyəti isə təxminən 500 kilometr yüksəklikdə sabitləşib.
Problemli peyklər “Büro 1440” şirkətinin 19 iyul 2026-cı ildə “Soyuz-2.1b” raketi ilə orbitə çıxardığı “Rassvet-3” peyklərinin ikinci partiyasına daxildir. Həmin partiyada ümumilikdə 16 peyk olub. Avqustun sonunda aparılan müşahidələr də iki peykin orbitdən çıxmağa doğru hərəkət etdiyini göstərirdi.
Bu iki aparat itirilərsə, “Rassvet” layihəsində orbitdən çıxan peyklərin sayı 32 peykdən üçünə çatacaq. Qruplaşmanın ilk peyki də martın 23-də buraxıldıqdan sonra heç bir orbit düzəlişi edə bilməyərək iyunda orbitdən çıxıb.
Özəl “Büro 1440” şirkətinin hazırladığı “Rassvet” sistemi Rusiyanın bütün ərazisində peyk interneti təmin etmək üçün nəzərdə tutulub. Xidmətin məhdud kommersiya istifadəsinə 2027-ci ildə başlanması planlaşdırılır. Şirkət 2027-ci ilin sonunadək peyklərin sayını 292-yə, 2035-ci ilədək isə 900-ə çatdırmağı hədəfləyir.
