Az | EN

SABAH.fund Helio AI startapına investisiya edib - 1 milyon dollar

Cəmil Hüseynzadə
26 Noyabr 2025 11:02
214 baxış
SABAH.fund Helio AI startapına investisiya edib - 1 milyon dollar

ABŞ mərkəzli süni intellekt dəstəyi ilə işləyən işə qəbul (HRTech) startapı Helio AI, 1 milyon dollar investisiya cəlb edib. İnvestisiya turuna SABAH.fund, DOMiNO Ventures, Tetrad VC və Axiom qoşulub.

Startap aldığı investisiya ilə məhsulun daha da təkmilləşdirilməsini və qlobal miqyasda genişlənməsini hədəfləyir.

Helio AI namizədlərlə yerli dillərdə təbii şəkildə ünsiyyət qura bilən, psixometrik oyun əsaslı qiymətləndirmələrlə inteqrasiya olunan və işə qəbul proseslərini tam avtomatlaşdıran süni intellekt platforması təqdim edir. Bu texnologiya sayəsində işə qəbul prosesinin təxminən 70%-i avtomatlaşdırılır və ən uyğun namizədlər dərhal müəyyən olunur.

Platforma xüsusilə müraciət axını yüksək olan şirkətlər üçün işə qəbulun sürətini və dəqiqliyini artırmağı hədəfləyir.

Helio AI-ın həmtəsisçisi və CEO-su Iako Jikia investisiya ilə bağlı belə deyib:

“İnvestorlarımızın davamlı dəstəyi Helio-nun bu günə qədərki inkişafında mühüm rol oynayıb. Bu turda SABAH.fund kimi yeni strateji tərəfdaşların bizə qoşulması vizionumuza olan güvəni göstərir və qarşıdakı miqyaslanma mərhələsi üçün möhkəm baza yaradır. Qlobal səviyyədə təsirli bir model qurarkən bizimlə eyni dəyərlərə və iş yanaşmasına sahib tərəfdaşlarla irəliləmək çox vacibdir. Bu investisiya turu Helio-nun beynəlxalq böyümə yolunda strateji dönüş nöqtəsidir.”

Qeyd edək ki, Helio AI Bakıda keçirilən BakuID 2025 tədbirində iştirak edib. Startap tədbir çərçivəsində keçirilən “Nexus Awards” mükafatlandırma mərasimində “İlin HR texnologiyası” mükafatına layiq görülüb. Bundan əlavə, INMerge Innovation Summit 2024 tədbirində startap “Startup Battle” yarışının qalibi olaraq 25 000 dollar mükafat qazanmışdı.

 

 

© copyright 2022 | tech.az | info@tech.az