Az | EN

SABAH qruplarının proqramları “SABAH.city” şəhərciyində tədris ediləcək 

Nigar Sultanli
14 Fevral 2025 16:11
141 baxış
SABAH qruplarının proqramları “SABAH.city” şəhərciyində tədris ediləcək 

Fevralın 14-də Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) və Azərbaycanın aparıcı ali təhsil müəssisələri arasında strateji əməkdaşlığa dair Anlaşma Sazişi imzalanıb.

Bu barədə Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi məlumat yayıb. 

Tech.az bildirib ki, sazişə əsasən Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İT, mühəndislik və elm istiqamətlərində seçilmiş SABAH qrupları proqramlarının tədrisinin 2026-cı ildən etibarən YTP ərazisində yeni qurulacaq “SABAH.city” şəhərciyində keçirilməsi nəzərdə tutulur.

Tədbirin açılış nitqi ilə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” ölkə başçısının Sərəncamına əsasən SABAH proqramının əhatə dairəsinin mərhələlərlə genişləndirilməsi barədə aparılan işlər barədə ətraflı məlumat verib və YTP ilə bu istiqamətdə “SABAH.city” innovasiya şəhərciyi çərçivəsində baş tutacaq əməkdaşlığın biznes mühiti ilə elm və ali təhsil arasındakı əlaqələrə yeni yanaşma gətirəcəyini qeyd edib.

Daha sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov rəhbərlik etdikləri universitetlərdə SABAH proqramları çərçivəsində görülən işlər haqqında çıxış edərək ali təhsilin keyfiyyətini yüksəltmək üçün yeni yanaşmaların tətbiqinin zəruriliyini qeyd ediblər. Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov “SABAH.city” innovasiya şəhərciyi və ali təhsil müəssisələri arasında əməkdaşlıq barədə təqdimat edərək bildirib ki, bu layihə çərçivəsində müasir standartlara cavab verən infrastruktur, yenilənmiş kurikulum, innovativ tələbə qiymətləndirmə sistemi və yüksək ixtisaslı professor-müəllim heyəti ilə təhsilin keyfiyyəti daha da yüksəldiləcək.

Qeyd edək ki, bakalavr və magistr tələbələrini əhatə edən bu təşəbbüs tədqiqat və innovasiya yönümlü akademik mühitin inkişafı, iştirakçı universitetlərdə qabaqcıl akademik ekosistemin yaradılması və tələbələri daim yenilənən əmək bazarına hazırlamaq üçün innovativ təhsil modellərinin tətbiqini hədəfləyir.

© copyright 2022 | tech.az | info@tech.az