Az | EN

Almaniya Apple-ı ədalətsiz rəqabətdə ittiham edir

Nigar Sultanli
14 Fevral 2025 10:19
200 baxış
Almaniya Apple-ı ədalətsiz rəqabətdə ittiham edir

Almaniyanın rəqabətə nəzarət qurumu (Bundeskartellamt – FCO) 2022-ci ildən bəri Apple-ın tətbiq məxfiliyi çərçivəsini araşdırır. Bu araşdırmanın ilkin nəticələri 13 fevral 2025-ci ildə açıqlanıb.

FCO bildirir ki, Apple başqa şirkətlərin tətbiqlərinə (məsələn, oyunlar və sosial şəbəkələr) daha sərt qaydalar tətbiq edir, amma öz tətbiqlərinə daha yumşaq yanaşır və bu, qanun pozuntusu ola bilər. Almaniyada 2023-cü ilin aprelindən etibarən Apple-ın öz məhsullarına üstünlük verməsi qadağan olunub. Bu qayda Avropa Birliyinin Rəqəmsal Bazarlar Aktı (DMA) çərçivəsində də qüvvədədir.

Araşdırma Apple-ın "Tətbiq İzləmə Şəffaflığı" (ATTF) sistemi ilə bağlıdır. Bu sistem iPhone istifadəçilərinə imkan verir ki, digər şirkətlərin tətbiqlərinin onları izləməsinə icazə verib-verməyəcəklərini seçsinlər. Amma problem ondadır ki, bu qayda yalnız başqa şirkətlərin tətbiqlərinə sərt şəkildə tətbiq olunur, Apple-ın öz tətbiqlərinə isə daha yumşaq yanaşılır.

FCO hesab edir ki, bu hal rəqabət qaydalarının pozulmasıdır. Məsələn, Apple-ın öz tətbiqlərində icazə pəncərələri daha yumşaq tərtib olunub ki, bu da istifadəçilərin razılıq vermə ehtimalını artırır. Ancaq üçüncü tərəf tətbiqlərinin icazə pəncərələri daha sərtdir və bu, istifadəçilərin razılıq verməkdən çəkinməsinə səbəb ola bilər.

Nəticədə, Apple-ın bu hərəkətləri Almaniya Rəqabət Qanununun (GWB) 19a(2) maddəsinə və Avropa İttifaqının Rəqabət Qaydalarına (TFEU 102-ci maddə) zidd ola bilər. Araşdırma davam edir.

© copyright 2022 | tech.az | info@tech.az