Parisdə baş tutan Süni Zəka Sammitinin ən diqqətçəkən nəticəsi ABŞ-ın yekun bəyannaməni imzalamaması deyil, əsas məqam Avropa və digər ölkələrin açıq mənbə texnologiyaları ətrafında yeni bir süni intellekt blokunu formalaşdırmasıdır. Yeni Sİ Bloku və Onun Strateji Əhəmiyyəti
Sammitdə iştirak edən 58 ölkə birlikdə dünya əhalisinin yarısını təmsil edən dövlətlərsüni intellektin:
- hamı üçün əlçatan olması,
- bazar konsentrasiyasının qarşısının alınması,
- şəffaf və etik idarə olunması,
- təhlükəsizlik və etibarlılığın təmin edilməsi,
- insan və planet üçün dayanıqlı olması məqsədləri ətrafında birləşdi.
Bu razılaşma ABŞ-ın Sİ sektoruna təkbaşına liderlik edərək qlobal qaydaları diktə etməsinə qarşı bir cavab kimi qiymətləndirilir. ABŞ-ın vitse-prezidenti JD Vance, sammitdə çıxışı zamanı ABŞ-ın “süni intellekt yarışında qalib gəldiyini” və “ən güclü Sİ sistemlərinin ABŞ-da, Amerika texnologiyası ilə qurulacağını” vurğuladı. O, xüsusilə AB və digər beynəlxalq tənzimləyici təşəbbüslərin ABŞ texnologiya firmalarına məhdudiyyətlər qoya biləcəyini qeyd edərək bu cür cəhdlərə qarşı xəbərdarlıq etdi.
Açıq Mənbə və Alternativ Sİ Modeli
Bəzi ölkələr ABŞ-ın Sİ yanaşmasından fərqli bir yol seçməyə hazır olduqlarını bəyan etdilər. Fransa hökumətinin Scaleup Europe-Sİ Sammitinin baş katibi Philippe Huberdeau, Sİ bazarında gücün yalnız bir neçə şirkətin əlində cəmləşməsinin təhlükəli olduğuna diqqət çəkdi. Alternativ model olaraq “AI Commons” ideyası çıxdı.Bu, insan mərkəzli, etibarlı və cəmiyyət tərəfindən idarə olunan bir Sİ ekosistemi yaratmağı hədəfləyən beynəlxalq təşəbbüsdür.
400 Milyon Dollarlıq Açıq Mənbə Sİ Təşəbbüsü
Sammit zamanı Patrick J. McGovern və John D. və Catherine T. MacArthur fondları, Fransa hökuməti, Salesforce və digər tərəfdaşların dəstəyi ilə 400 milyon dollarlıq ilkin maliyyələşdirmə ilə yeni bir Sİ təşəbbüsü işə salındı. Bu layihə:
- Yüksək keyfiyyətli ictimai və özəl məlumat dəstlərinə çıxışı genişləndirməyi,
- Açıq mənbə AI alətlərinə və infrastruktura sərmayə qoymağı,
- Süni intellektin sosial və ətraf mühitə təsirini ölçmək üçün yeni sistemlər inkişaf etdirməyi hədəfləyir.
ROOST: Qlobal Rəqəmsal Təhlükəsizlik İnfrastrukturunun Qurulması
Sammitdə daha bir mühüm təşəbbüs — ROOST (Resilient Open Online Security Tools) işə salındı.
Bu, süni intellekt dövrünə uyğun qlobal təhlükəsizlik infrastrukturunun formalaşdırılması üçün açıq mənbəli təhlükəsizlik alətləri təqdim edən yeni qeyri-kommersiya təşəbbüsüdür. Kolumbiya Universitetinin Qlobal Siyasət İnstitutunda inkubasiya edilən bu layihə:
- Dünya üzrə dövlət və özəl təşkilatlara pulsuz təhlükəsizlik alətləri təqdim edəcək,
- Xüsusilə onlayn uşaq təhlükəsizliyində mühüm boşluğu aradan qaldıracaq,
- Google, OpenAI, Discord, Roblox və digər texnologiya liderlərinin resurslarını və investisiyalarını bir araya gətirəcək.
Qlobal Sİ Ekosistemində Yeni Strateji Təşəbbüslər və Rəqabət Dinamikası
Fransa, Hindistan, Almaniya, Finlandiya, Sloveniya, Keniya, Çili və Nigeriya etibarlı və ictimai maraqları qoruyan süni intellekt ekosisteminin inkişafını dəstəkləmək və birgə yaratmaq məqsədilə İctimai Maraqlı AI Platforması və İnkubatorunu elan etdilər. Bu təşəbbüs, mövcud ictimai və özəl AI layihələri arasında koordinasiyanı gücləndirməyi və rəqəmsal bərabərsizliyi azaltmağı hədəfləyir.
Süni İntellekt Bazarı və ABŞ-Çin Rəqabəti
Yeni Sİ blokunun formalaşması ilk mərhələdə olsa da, bazar dinamikası ABŞ-ın texnoloji dominantlığının sarsıla biləcəyinə işarə edir. Çinli DeepSeek şirkətinin OpenAI və Anthropic modelləri ilə müqayisədə daha aşağı maliyyətlə rəqabət apara bilən AI əsaslandırma modelləri hazırlaması, ABŞ süni intellekt bazarının qaçılmaz lider olaraq qalacağı fikrini şübhə altına alır.
Bu inkişaflar göstərir ki, gələcəkdə süni intellekt oyunçularının milyardlarla dollar investisiya qoymadan effektiv AI modelləri inkişaf etdirmək imkanı genişlənəcək. Bu isə maliyyə və texnoloji resurslardan asılılığı azaldaraq qlobal AI rəqabətini daha inklüziv hala gətirə bilər.
Regional və Milli Ambisiyalar Güclənir
Avropa Komissiyasının sədri Ursula von der Leyen, sammitdə çıxışı zamanı süni intellekt yarışında Avropanın geri qaldığı fikrini təkzib etdi:
“Çox tez-tez eşidirəm ki, Avropa yarışa gecikir — ABŞ və Çin isə artıq irəliləyib. Mən razı deyiləm. Çünki süni intellekt yarışı bitməkdən çox uzaqdır. Həqiqət budur ki, biz yalnız başlanğıcdayıq. Sərhəd daim dəyişir və qlobal liderlik hələ də ələ keçirmək üçün açıqdır.” Von der Leyen vurğuladı ki, süni intellektin sənaye və iqtisadi sektorlara tətbiqi, məhsuldarlığın artırılması və insan həyatına inteqrasiyası Avropa üçün əsas strateji üstünlük ola bilər. Bu, Avropanın qlobal AI yarışında liderlik etmək üçün geniş imkanlara sahib olduğunu göstərir.
Açıq Mənbə və Avropanın Yeni Yanaşması
Avropa açıq mənbəyə əsaslanan yanaşmasının praktiki nəticələr verdiyini vurğulayaraq, bu modelin daha da gücləndirilməsinin vacibliyini qeyd edir. Yəni, bazar tələblərinə cavab vermək üçün açıq mənbəli AI infrastrukturunun inkişafına əlavə investisiyalar və texniki dəstək tələb olunur.
Süni İntellektin Tənzimlənməsi və Avropanın Strategiyası
ABŞ və Böyük Britaniyanın texnoloji liderləri, gözlənildiyi kimi, Avropaya süni intellektin tənzimlənməsi mövzusunda məsləhətlər verdi. LinkedIn-in qurucusu Reid Hoffman qlobal süni intellekt yarışını futbol oyunu ilə müqayisə edərək ABŞ və Çinin bir-birinə qarşı oynadığını, Avropanın isə qaydaları müəyyən edən hakim rolunda olduğunu bildirdi. O, tamaşaçılara heç kimin hakimləri sevmədiyini xatırlatdı, bu da Avropanın Sİ tənzimləmə yanaşmasının bazarda birmənalı qarşılanmadığını göstərir. Avropa süni intellektin təhlükəsizliyinə və məlumatların məxfiliyinə dair yanaşmasını dəyişmək niyyətində olmasa da, bəzi tənzimləmə tələblərinin startaplar üçün əlavə yük yaratdığını etiraf edir. Avropa Komissiyasının sədri bu çətinliklərin həlli üçün tənzimləmə təkmilləşdirilməsi üzərində çalışdıqlarını vurğuladı.
Avropa Startapları və AI Ekosistemi
Tənzimləyici çərçivəyə baxmayaraq, Avropada Sİ ekosistemi güclü inkişaf edir.
- 6 milyard dollar dəyərində qiymətləndirilən Fransanın Mistral AI startapı və digər AI tədqiqat layihələri Avropa bazarında uğurla fəaliyyət göstərir.
- Inclusive Brains şirkəti Allianz Trade ilə birlikdə PrometheysBCI adlı multimodal beyin-kompüter interfeysini təqdim etdi. Bu sistem hərəkət qabiliyyətini itirmiş insanların siçan, klaviatura və ya səs əmrləri olmadan cihazlarla əlaqə qurmasına imkan verir. Fransa Parlamentinin sədri Yael Braun-Pivetə süni intellektə 100 milyard avro investisiya qanun layihəsinə düzəliş təqdim edilərkən nümayiş etdirildi.
Bundan əlavə, Fransanın süni intellekt institutu Kyutai tərəfindən hazırlanmış ağıllı telefonlar üçün real vaxt sinxron tərcümə sistemi olan Hibiki də təqdim olundu. Bu texnologiya istənilən dildə canlı səsli tərcüməni təmin edərək qlobal kommunikasiya imkanlarını genişləndirir.
Avropanın Süni İntellekt Strategiyası: Tənzimləmə və İnnovasiya Balansı
Sİ sahəsində Avropanın tənzimləmə yanaşması bəziləri tərəfindən sərt məhdudiyyətlər kimi qiymətləndirilsə də, digərləri bunu rəqabət üstünlüyü yaradan faktor kimi görür. Fransız Sİ biotexnologiya şirkəti Owkin-in icraçı direktoru Tomas Klozel, Avropanın Sİ yarışında ABŞ və Çindən fərqli bir strategiya izlədiyini vurğuladı. O, bu prosesi üzgüçülük yarışına bənzədərək Avropanın daha az resursla daha effektiv nəticələr əldə edə biləcəyini bildirdi. “Avropanın tənzimləmə çərçivəsi və sənaye təcrübəsi onu yüksək riskli, lakin yüksək mükafatlı Sİ həlləri yaratmaq üçün unikal mövqeyə gətirir. Süni intellektdə əsl üstünlük bazara birinci çıxmaqda deyil, ən kritik sahələrdə etibar qazanmaqda olacaq.”
Süni İntellekt İnfrastrukturuna 200 Milyard Avroluq İnvestisiya Səfərbərliyi
Parisdə keçirilən AI Sammiti çərçivəsində Avropada süni intellekt üçün 200 milyard avronun səfərbər olunması təşəbbüsü təqdim edildi. Bu təşəbbüs iki əsas maliyyələşdirmə mexanizmini birləşdirir:
- AB Sİ Çempionları Təşəbbüsü — ABŞ-ın vençur kapital fondu General Catalyst və 20-dən çox digər investorun rəhbərlik etdiyi 150 milyard avroluq yeni fond.
- Sİ sektoruna 50 milyard avro həcmində əlavə investisiya — Airbus, Philips, Henkel, L’Oreal, Volkswagen, TotalEnergies, Lufthansa kimi sənaye liderləri ilə yanaşı, Mistral AI, Helsing və Owkin kimi yüksələn AI startapları bu təşəbbüsə qoşulub.
Bununla belə, AB Sİ Çempionları Təşəbbüsünün konkret detallarında hələ də qeyri-müəyyənliklər var.
- Maliyyə öhdəliklərinin icrası üçün konkret vaxt çərçivəsi müəyyən edilməyib.
- Təşəbbüsə qoşulan şirkətlərin öz maliyyə öhdəliklərini necə yerinə yetirəcəyi dəqiq göstərilməyib.
Buna baxmayaraq, Avropa Komissiyasının sədri Ursula, bu özəl və dövlət sektorunun birgə maliyyələşdirməsinin Avropa Sİ sənayesi üçün dönüş nöqtəsi olacağına inandığını vurğuladı.
InvestAI Fondu və Süni İntellekt nəhəngləri
Sİ infrastrukturunu gücləndirmək məqsədilə Avropa Birliyi yeni InvestAI fondunu istifadəyə verdi. Bu fond dörd yeni AI gigafabrikası qurmaq üçün maliyyə ayıracaq.
- Bu fabriklər, gələcəyin ən mürəkkəb və genişmiqyaslı süni intellekt modellərini inkişaf etdirmək üçün xüsusi olaraq hazırlanacaq.
- Müasir tibb və elm sahələrində irəliləyişlər üçün tələb olunan yüksək hesablama gücünü təmin edəcək.
- Hər bir gigafabrik 100,000 son nəsil Sİ çipinə malik olacaq.Bu, hal-hazırda mövcud süni intellekt fabriklərindən dörd dəfə çox hesablama gücü deməkdir.
Dünyanın Ən Böyük Dövlət-Özəl Sİ Tərəfdaşlığı
İnvestAI fondu etibarlı süni intellektin inkişafı üçün dünyanın ən böyük dövlət-özəl tərəfdaşlığı olacaq.
- Kompleks sənaye və kritik missiya tətbiqlərinə fokuslanacaq.
- Avropanın açıq innovasiya modelinə əsaslanacaq.
- CERN (Avropa Nüvə Tədqiqatları Mərkəzi) formatına bənzəyən bu model, AI sahəsində ən qabaqcıl tədqiqatları və texnologiyaları dəstəkləyəcək.
Əməkdaşlıq Yoluyla Süni İntellektdə Suverenlik
Mozilla prezidenti Mark Surman AI Sammiti çərçivəsində vurğulayıb ki, ayrı-ayrı ölkələrin ABŞ-ın süni intellekt sahəsində dominant mövqeyinə qarşı təkbaşına mübarizə aparmağa çalışması strateji səhv ola bilər. Onun fikrincə, “Əməkdaşlıq vasitəsilə suverenlik” həm iqtisadi, həm də mədəni uğurun açarıdır. Əks halda, ölkələr böyük güclərin texnoloji zavodlarının filiallarına çevrilmək riski ilə üzləşəcəklər.
Surman bildirir ki, ABŞ və Çindən kənarda fəaliyyət göstərən ölkələr və şirkətlər açıq mənbəli süni intellekt (open-source AI) ətrafında vahid mövqeyə gəlməli və öz sənaye ekosistemlərini formalaşdırmalıdırlar. “Təkbaşına uğur qazanmaq çətindir, lakin resurslar bir araya gətirilsə və kritik infrastruktur üçün böyük AI oyunçularına investisiyalar edilsə, ölkələr texnoloji suverenliklərini qurmaq üçün güclü baza əldə edə bilərlər,” — deyə Surman qeyd edir. Onun hesablamalarına görə, əsas infrastrukturun təxminən 20%-ni birləşdirmək mümkündür, bu da ölkələr üçün güclü başlanğıc nöqtəsi ola bilər.
Surman ümid edir ki, növbəti Sİ Sammitində daha çox ölkə, xüsusilə kiçik dövlətlər, açıq mənbəli Sİ təşəbbüslərinə qoşulacaq və əməkdaşlığa əsaslanan model yaradacaqlar. “Məqsəd, ölkələrin öz iqtisadi mövqelərini gücləndirmək və inkişafı təmin etmək üçün açıq mənbəli Sİ sahəsində birgə çalışmasıdır”. “İdeal halda, üçüncü süni intellekt bloku formalaşacaq və bu, bazarda daha balanslı və ədalətli oyun mühiti yaradacaq.”
Vurğun Hacıyev