Salesforce, süni intellekt agentləri sahəsindəki rəqabətin qızışdığı bir vaxtda yeni nəsil süni intellekt platforması olan Agentforce 360-ı elan edib. Şirkət bu addımı ilə 14 Oktyabrda başlayacaq Dreamforce konfransı ərəfəsində Google, Microsoft və Anthropic kimi rəqiblərinə güclü mesaj göndərmiş oldu.
Yeni Agentforce 360 platformasının ən diqqətçəkən xüsusiyyətlərindən biri, Agent Script adlı yönləndirmə alətidir. Noyabr ayında beta mərhələsinə keçəcək bu alət, istifadəçilərə Sİ agentlərini “əgər/isə” məntiqinə əsaslanan axınlarla idarə etməyə imkan verəcək ki, bu da agentlərin daha proqnozlaşdırılan və nəzarətli şəkildə fəaliyyət göstərməsini təmin edəcək.
Bundan əlavə, Salesforce Agentforce Builder adlı inkişaf mühitini də təqdim edib. Bu yeni alət Sİ agentlərinin yaradılması, sınaqdan keçirilməsi, öyrədilməsi və tətbiqi proseslərini vahid bir mərkəzdən idarə etməyə şərait yaradır.
Şirkət həmçinin Slack-i yalnız mesajlaşma tətbiqi kimi deyil, Sİ dəstəkli bir iş platforması olaraq yenidən konumlandırır. Yeni Agentforce Sales, IT və HR modulları artıq bu aydan etibarən Slack daxilində istifadəyə veriləcək. 2026-cı ilin əvvəlinə qədər inteqrasiyanın daha da dərinləşdirilməsi planlaşdırılır. Slackbot isə istifadəçi vərdişlərini öyrənən fərdiləşdirilmiş bir Sİ asistana çevriləcək və platforma Gmail, Outlook, Dropbox kimi xidmətlərdən məlumat çəkə bilən bir axtarış və bilik mərkəzinə çevriləcək.
Qeyd edək ki, korporativ Sİ bazarındakı rəqiblərindən Google ötən həftə Gemini Enterprise platformasını elan etmiş və Figma, Klarna kimi şirkətlərlə işə başlamışdı. Digər bir rəqib olan Anthropic isə Claude Enterprise məhsulu ilə Deloitte kimi nəhənglərlə əməkdaşlıq edir. Salesforce, Agentforce-un ilkin versiyası ilə artıq 12.000 korporativ müştəriyə çatdığını açıqlayaraq bazardakı iddiasını ortaya qoyur. Agentforce 360, Salesforce-un Sİ-ni sadəcə bir xüsusiyyət deyil, bütün məhsullarına inteqrasiya edilmiş bir infrastruktur halına gətirmə strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilir.