Az | EN

Sİ data mərkəzləri inşa edən Crusoe 1,4 milyard dollar investisiya alıb

Cəmil Hüseynzadə
27 Oktyabr 2025 01:02
45 baxış
Sİ data mərkəzləri inşa edən Crusoe 1,4 milyard dollar investisiya alıb

Süni intellekt infrastrukturu sahəsində fəaliyyət göstərən Crusoe startapı Mubadala Capital və Valor Equity Partners rəhbərliyində keçirilən investisiya raundunda 1,4 milyard dollar vəsait toplayıb. Beləliklə, startapın dəyəri cəmi bir il ərzində üç dəfə artaraq 10 milyard dollara yüksəlib.

Crusoe hazırda OpenAI-ın ABŞ-dakı ən böyük məlumat mərkəzi layihəsi — Stargate kompleksinin tikintisini həyata keçirir. Texas ştatının Abilene şəhərində inşa edilən bu kampusun gücü 1,2 gigavatt olacaq və 2026-cı ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır.

Startap, həmçinin adını açıqlamadığı digər texnologiya şirkəti üçün Wyoming ştatında 1,8 GW gücündə yeni bir məlumat mərkəzi qurur. Bu gücün gələcəkdə 10 GW-a qədər artırılması nəzərdə tutulur.

Crusoe-nun baş direktoru Chase Lochmiller bildirib ki, süni intellekt sahəsində infrastruktur tələbi rekord səviyyəyə çatıb, lakin enerji çatışmazlığı ciddi maneə yaradır. Onun sözlərinə görə, startapın hazırkı layihələrinin ümumi enerji tutumu 45 GW təşkil edir ki, bu da “təxminən 8–10 Nyu-York şəhərinin enerji sərfiyyatına bərabərdir.”

© copyright 2022 | tech.az | info@tech.az