Az | EN

“Sirr saxlamır”: ChatGPT ilə şəxsi söhbətlər hüquqi baxımdan qorunmur

Cəmil Hüseynzadə
28 İyul 2025 01:24
300 baxış
“Sirr saxlamır”: ChatGPT ilə şəxsi söhbətlər hüquqi baxımdan qorunmur

Süni intellekt texnologiyalarının gündəlik həyatımıza daxil olduğu bir dövrdə, bir çox insan – xüsusilə gənclər – ChatGPT kimi tətbiqlərdən psixoloji və emosional dəstək almaq üçün istifadə edir. Lakin OpenAI şirkətinin baş direktoru Sem Altman bu barədə ciddi xəbərdarlıq edib: süni intellektlə edilən şəxsi söhbətlər hüquqi baxımdan qorunmur.

Altman bu fikirləri məşhur amerikalı podkastçı Theo Vonun "This Past Weekend" adlı proqramında səsləndirib. O bildirib ki, süni intellektlə aparılan söhbətlərdə həkim-pasiyent və ya vəkil-müştəri arasındakı kimi hüquqi məxfilik yoxdur.

“İnsanlar həyatlarının ən şəxsi məsələlərini ChatGPT-yə danışır. Münasibət problemlərindən tutmuş psixoloji gərginliyə qədər hər şeyi soruşurlar,” – deyə Altman vurğulayıb. “Amma əgər bu söhbətlər məhkəmə prosesinə cəlb olunsa, hazırda bu məlumatları təqdim etməyə məcburuq. Çünki qanuni qoruma mexanizmi yoxdur.”

Hüquqi boşluq: Söhbətlər ifşa edilə bilər

Altmanın sözlərinə görə, süni intellektlə söhbətlərdə “məxfi məlumat” anlayışı hələ də hüquqi sənədlərdə öz yerini tapmayıb. Bu isə o deməkdir ki, bu cür yazışmalar lazım gəldikdə hüquqi orqanlara təqdim oluna bilər – məsələn, məhkəmə qərarı ilə.

“Düşünürəm ki, bu, çox problemli bir vəziyyətdir. İnsanlar AI ilə etdikləri söhbətlərin də psixoloqla etdikləri kimi qorunduğunu bilməlidirlər. Amma bu hələ baş vermir,” – deyə Altman əlavə edib.

OpenAI məxfiliklə bağlı məhkəmə çəkişməsindədir

OpenAI hal-hazırda The New York Times ilə davam edən məhkəmə işində milyonlarla istifadəçinin yazışmalarını təqdim etmək tələbinə qarşı mübarizə aparır. Şirkət bu tələbi "həddən artıq və təhlükəli presedent" adlandıraraq apellyasiya verib.

Şirkətin bəyanatında qeyd olunur ki, bu cür qərarlar süni intellektin məxfi və etibarlı platforma kimi qəbul edilməsinə ciddi zərər vurur.

Altmandan istifadəçilərə tövsiyə: Məxfiliyə əmin olmadan paylaşmayın

Altman Theo Von-a bildirib ki, onun süni intellektdən çox istifadə etməməsi – məxfiliyə dair aydınlıq olmadığı üçün – tamamilə başadüşüləndir və haqlıdır.

“Düşünürəm ki, istifadəçilər ChatGPT-dən geniş istifadə etməzdən əvvəl hüquqi baxımdan şəffaflıq və qorunma olmasını gözləməlidir,” – deyə Altman vurğulayıb.

 

© copyright 2022 | tech.az | info@tech.az