Az | EN

Sony Rusiyada bəzi istifadəçi hesablarını kütləvi şəkildə bloklayır

Nigar Sultanli
20 May 2025 11:23
67 baxış
Sony Rusiyada bəzi istifadəçi hesablarını kütləvi şəkildə bloklayır

Mövcud məlumatlara əsasən, bu bloklamalar əsasən fırıldaqçılıqla əlaqəli fəaliyyətləri hədəfə alır. Xüsusilə bir IP ünvanından və ya eyni şəbəkədən kütləvi şəkildə yaradılmış, oğurlanmış bank kartları ilə ödəniş edilmiş və ya bu vəsaitlə alınmış oyun açarları aktivləşdirilmiş hesablar bloklanır.

Rəsmi olaraq Sony vəziyyəti şərh etməyib və gələcəkdə də açıqlama verəcəyi gözlənilmir. Ancaq bu bloklamaların adi istifadəçiləri də təsir edə biləcəyi istisna deyil. Səbəb isə odur ki, bəzi istifadəçilər təsadüfən və ya bilmədən dələduz satıcılardan oyun açarları və ya hesablar alırlar və bu zaman riskli fəaliyyətlərlə əlaqələndirilə bilirlər.

Mütəxəssislər istifadəçilərə xarici hesabları yalnız özləri yaratmağı, heç bir vasitəçiyə giriş məlumatlarını verməməyi, hazır PSN hesabları almamağı tövsiyə edirlər. Bundan əlavə, fiziki diskdə olan oyunları almaq bəzi hallarda hesabın daha etibarlı görünməsinə səbəb ola bilər.

Əgər hesabınız bloklanıbsa və siz yuxarıda sadalanan hallarla əlaqənizin olmadığını düşünürsünüzsə, Sony dəstək xidmətinə müraciət edə bilərsiniz. Bu, problemin həlli üçün zəmanətli yol olmasa da, mövcud vəziyyətdə ən effektiv addımdır.

© copyright 2022 | tech.az | info@tech.az