SpaceX təkrar istifadə olunan raket texnologiyasında yeni rekorda imza atıb. Şirkət Falcon 9 raketinin əvvəllər istifadə edilmiş birinci pilləsi ilə artıq 600-cü uğurlu uçuşunu həyata keçirib.
Yubiley missiyası Starlink peyklərinin orbitə çıxarıldığı iki buraxılış zamanı qeydə alınıb. Birinci buraxılış ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələr bazasından, ikinci isə Florida ştatındakı Kanaveral burnundan 8 saatdan az fasilə ilə reallaşdırılıb.
Missiyalar çərçivəsində orbitə müvafiq olaraq 27 və 29 Starlink peyki göndərilib. Tapşırıq tamamlandıqdan sonra hər iki Falcon 9 raketinin birinci pilləsi uğurla Yerə qayıdaraq eniş edib.
Florida missiyasında istifadə olunan B1093 gücləndiricisi artıq 15-ci, Kaliforniyadan buraxılan B1080 isə 28-ci uçuşunu həyata keçirib. Hazırda SpaceX-in ən çox istifadə olunan Falcon 9 birinci pilləsinin rekordu isə 36 uçuşdur.
Bu nailiyyət SpaceX-in təkrar istifadə olunan raket texnologiyasının etibarlılığını bir daha nümayiş etdirir və kosmosa çıxış xərclərinin azaldılması istiqamətində şirkətin əsas strategiyasının uğurunu təsdiqləyir.
