Az | EN

SpaceX xAI şirkətini satın aldığını elan edib

Cəmil Hüseynzadə
03 Fevral 2026 10:19
48 baxış
SpaceX xAI şirkətini satın aldığını elan edib

SpaceX süni intellekt şirkəti xAI-ni satın aldığını açıqlayıb. xAI eyni zamanda X sosial şəbəkəsinin sahibidir. Bloomberg mənbələrinin məlumatına görə, sövdələşmə nəticəsində SpaceX-in bazar dəyəri 1,25 trilyon dollar səviyyəsində qiymətləndirilib.

Şirkətin saytında dərc olunan açıqlamada Elon Mask bildirib ki, bu addım Yer üzündə və onun hüdudlarından kənarda “ən iddialı, vertikal inteqrasiya olunmuş innovasiya mərkəzini” yaratmaq məqsədi daşıyır. Onun sözlərinə görə, yeni struktur süni intellekti, raket texnologiyalarını, peyk internetini və informasiya mübadiləsi platformasını birləşdirəcək.

Mask qeyd edib ki, hazırda süni intellekt sahəsində irəliləyişlər böyük yerüstü məlumat mərkəzlərindən asılıdır və bu mərkəzlər yüksək həcmdə elektrik enerjisi və soyutma tələb edir. Yaxın perspektivdə Sİ üçün qlobal elektrik tələbatının yalnız yerüstü həllər hesabına ödənilməsi yerli icmalar və ətraf mühit üçün çətinliklər yarada bilər.

Onun qiymətləndirməsinə görə, 2–3 il ərzində süni intellekt üçün hesablama gücünün yaradılmasının ən ucuz yolu kosmos olacaq. Bu iqtisadi səmərəlilik innovativ şirkətlərə Sİ modellərinin öyrədilməsi və məlumatların emalı prosesini misli görünməmiş sürət və miqyasda genişləndirməyə imkan verəcək, eləcə də fizika sahəsində anlayışların dərinləşməsini və bəşəriyyətin xeyrinə texnologiyaların ixtirasını sürətləndirəcək.

SpaceX Starship raketləri vasitəsilə hər il orbitə “milyonlarla ton” faydalı yük daşımağı planlaşdırır. Maskın sözlərinə görə, hər ton üçün 100 kVt hesablama gücü yaradan peyklərin buraxılması sayəsində hər il süni intellekt üçün 100 QVt əlavə hesablama gücü əldə etmək mümkün olacaq və bu, cari istismar və texniki xidmət xərcləri olmadan həyata keçiriləcək.

Şirkət üçün əsas prioritetlərdən biri orbital məlumat mərkəzlərinin yaradılması olacaq. Bununla yanaşı, SpaceX Starlink peyk şəbəkəsinin inkişafını davam etdirəcək və “digər planetlərə uçuşlar”la bağlı planlarını qoruyub saxlayacaq.

Mask bildirib ki, kosmik məlumat mərkəzləri sayəsində əldə olunacaq imkanlar Ayda özünü təmin edən bazaların, Marsda bütöv bir sivilizasiyanın və uzunmüddətli perspektivdə Kainata doğru genişlənmənin maliyyələşdirilməsinə şərait yaradacaq.

Bloomberg-in məlumatlı mənbəsinin sözlərinə görə, SpaceX və xAI arasındakı sövdələşmə tamamilə səhm mübadiləsi formasında həyata keçirilir. Bu razılaşma SpaceX-i 1 trilyon dollar, xAI-ni isə 250 milyard dollar dəyərində qiymətləndirir. xAI-nin aktivlərinə X sosial şəbəkəsi də daxildir.

Media mənbələri 2026-cı ilin əvvəlində SpaceX-in IPO keçirməyi planlaşdırdığı barədə məlumat yayıb. Bildirilir ki, şirkət 2026-cı ilin yayında birjaya çıxaraq 1,5 trilyon dollar qiymətləndirmə ilə 50 milyard dollara qədər vəsait cəlb etməyi hədəfləyir. Yanvarın sonlarında Reuters və Bloomberg də SpaceX-in IPO ərəfəsində Maskın digər şirkətləri ilə birləşmə imkanlarını nəzərdən keçirdiyini yazmışdı.

© copyright 2022 | tech.az | info@tech.az