Az | EN

OnlyFans-ın sahibi satışla bağlı danışıqlar aparır

Cəmil Hüseynzadə
02 Fevral 2026 12:47
50 baxış
OnlyFans-ın sahibi satışla bağlı danışıqlar aparır

OnlyFans platformasının sahibi şirkət Architect Capital ilə nəzarət paketinin satışı barədə danışıqlar aparır. Bu barədə The Wall Street Journal, Reuters və TechCrunch mənbələrə istinadən məlumat yayıb. Reuters daha əvvəl, 2025-ci ilin yazında servisin potensial alıcı axtardığını bildirmişdi.

Mənbələrin məlumatına görə, hazırda eksklüziv danışıqları Architect Capital aparır və mümkün razılaşma çərçivəsində şirkətin təxminən 60%-ni əldə edə bilər. Sövdələşmə zamanı OnlyFans-ın borclar nəzərə alınmaqla təxminən 5,5 milyard dollar, borcsuz isə 3,5 milyard dollar dəyərində qiymətləndirildiyi qeyd olunur. Bildirilir ki, danışıqlar hələ yekunlaşmayıb və razılaşma baş tutmaya da bilər.

Reuters 2025-ci ilin mayında xəbər vermişdi ki, OnlyFans ABŞ-ın Forest Road şirkətinin rəhbərlik etdiyi investorlar qrupu ilə platformanın 8 milyard dollara satışı barədə danışıqlar aparıb. TechCrunch mənbələri isə servislə maraqlanan bir neçə potensial alıcının olduğunu bildirib.

WSJ-nin tanış olduğu investorlar üçün təqdimata əsasən, Architect Capital məzmun istehsalçıları üçün ödəniş xidmətlərinin inkişafında böyük potensial görür. Xüsusilə bank xidmətlərinə çıxışda çətinlik yaşayan müəlliflər üçün bu sahənin perspektivli olduğu vurğulanır. Şirkət həmçinin OnlyFans-ın 2028-ci ildə birjaya çıxmaq imkanının olduğunu düşünür.

OnlyFans 2016-cı ildə britaniyalı sahibkar Tim Stokli tərəfindən yaradılıb. Financial Timesın məlumatına görə, 2018-ci ildə platformanın ana şirkəti olan Fenix International-ın ən azı 75%-i Leo Radvinski tərəfindən alınıb. Pandemiya dövründə sürətlə populyarlıq qazanan platforma əsasən böyüklər üçün əyləncə və erotik məzmunla tanınır. WSJnin 2025-ci ilin yayında yaydığı məlumata görə, OnlyFans-ın 300 milyondan çox istifadəçisi var.

© copyright 2022 | tech.az | info@tech.az