Epoint Gürcüstan Milli Bankından ölkə ərazisində kartla ödənişlərin qəbulu (acquiring) xidmətlərinin göstərilməsi üçün rəsmi lisenziya alıb. Bununla da Gürcüstan şirkətin beynəlxalq genişlənmə strategiyasında ilk xarici bazar olub.
Şirkətdən verilən məlumata görə, Epoint komandası yeni bazara daxil olmaq üçün bir il ərzində məhsulun uyğunlaşdırılması, bank inteqrasiyaları və zəruri hüquqi sənədlərin hazırlanması üzərində çalışıb. Hazırlıq mərhələsi uğurla başa çatdıqdan sonra Epoint Gürcüstanda fəaliyyətə başlayıb.
Epoint-in həm Azərbaycanda, həm də Gürcüstanda biznes fəaliyyəti olan tərəfdaşları artıq tək bir texniki inteqrasiya vasitəsilə hər iki ölkədə kartla onlayn və oflayn ödənişləri qəbul edə biləcəklər.
Qeyd edək ki, Epoint fintex startapı daha əvvəl region üzrə mərkəzi Gürcüstan olan “500 Global” beynəlxalq akselerasiya proqramında iştirak edib.
Bu addım Epoint üçün daha geniş inkişaf yolunun başlanğıcı kimi qiymətləndirilir. Şirkət Epoint Georgia-nın baş icraçı direktoru Hasan Hasanovu görülən işlər münasibətilə təbrik edir və ona yeni bazarda uğurlar arzulayır.
