Şirkətin qurucu ortağı və 2006-cı ildən bəri CEO-su olan Daniel Ek, 2026-cı ilin yanvar ayından etibarən icraçı direktor vəzifəsindən ayrılacağını elan edib. Ek, CEO vəzifəsini tərk etsə də, "icra başçısı" (Executive Chairman) rolunda qalaraq şirkətin idarə heyətində fəaliyyətini davam etdirəcək.
Daniel Ek-in yerini uzun illərdir şirkətin əsas qərarlarında iştirak edən iki tanınmış ad – Gustav Söderström və Alex Norström tutacaq. Onlar həmtəsisçi CEO (Co-CEO) modeli ilə rəhbərliyi birlikdə həyata keçirəcəklər. Gustav Söderström hazırda Məhsul və Texnologiya şefi kimi fəaliyyət göstərir. Alex Norström isə Abunəlik, Reklam, Musiqi, Podkast və Səsli kitab əməliyyatlarından məsul olan İş İnkişafı şefidir. Şirkət hər iki şəxsin idarə heyətinə qoşulacağını və birbaşa Daniel Ek-ə hesabat verəcəyini açıqlayıb.
Daniel Ek, Spotify-ı Avropanın ən böyük texnologiya uğur hekayələrindən birinə çevirib. Şirkət 2024-cü ildə qiymət artımları və xərclərin azaldılması sayəsində tarixində ilk dəfə illik xalis mənfəət (kar) elan edib. Ek bu addımı şirkətin maliyyə cəhətdən möhkəm dayandığının göstəricisi kimi qiymətləndirib.
Yeni vəzifəsində Ek uzunmüddətli strategiya və sərmayə idarəçiliyinə fokuslanacağını bildirib: "Spotify bir ildən çoxdur ki, mənfəətlə işləyir. Bu, şirkətin sağlam mövqedə olduğunu göstərir. Böyük qərarların qəbulu və strateji istiqamətin müəyyənləşdirilməsində rol almağa davam edəcəyəm."
Spotify-ın seçdiyi həmtəsisçi CEO modeli, Oracle və Netflix kimi qlobal nəhənglərin də tətbiq etdiyi bir idarəetmə formasıdır. Bu dəyişikliklə Spotify, podkast və səsli kitab kimi yeni bazarlardakı böyüməsini sürətləndirməyi, eyni zamanda şirkətin mövcud mənfəətliliyini qoruyub saxlamağı hədəfləyir.