Az | EN

Spotify tətbiqdə mesajlaşma funksiyasını istifadəyə verdi

Nigar Sultanli
26 Avqust 2025 16:39
42 baxış
Spotify tətbiqdə mesajlaşma funksiyasını istifadəyə verdi

Spotify yeni funksiya ilə istifadəçilərin tətbiq daxilində bir-biriləri ilə söhbət etməsinə imkan yaradır. İndiyə qədər istifadəçilər sevdikləri musiqi və ya podkastı dostları ilə paylaşmaq üçün Instagram, WhatsApp və ya TikTok kimi platformalardan istifadə edirdilər. Yeni funksiya sayəsində bu paylaşımları artıq birbaşa Spotify daxilində etmək mümkün olacaq. Bu, bütün paylaşım tarixçəsinin qeyd edilməsini təmin edəcək və beləliklə, köhnə paylaşımlara rahatlıqla geri dönmək mümkün olacaq.

Söhbətlər yalnız iki nəfər arasında aparıla bilər. Siz əvvəllər məzmun paylaşdığınız, ortaq musiqi siyahıları, Blend və ya Jam sessiyaları olan şəxslərlə söhbətə başlaya bilərsiniz. Həmçinin, Ailə və ya Duo paketlərinə daxil olan istifadəçilər də bu funksiyadan yararlana biləcəklər. Söhbət tələbi göndərildikdə, qarşı tərəfin bunu təsdiqləməsi lazımdır.

Spotify kənarında sizə göndərilən Spotify linkinə klikləməklə söhbət təklifini qəbul edə bilərsiniz. Alternativ olaraq, kontaktlarınızdakı şəxslərə dəvət linki göndərə bilərsiniz.

Şirkət mesajların saxlanma və ötürülmə zamanı şifrələndiyini, lakin tam şifrələmədən (uçdan-uca şifrələmə) istifadə edilmədiyini bildirir. Spotify qaydalara zidd məzmunu aşkar etmək üçün mesajları nəzarətdə saxlaya bilər. İstifadəçilər uyğunsuz mesajları şikayət edə bilərlər və bu halda şirkət həmin məzmunu öz qaydaları çərçivəsində yoxlayacaq.

Mesajlara daxil olmaq üçün profil şəklinizə toxunaraq sol tərəfdəki "Messages" (Mesajlar) bölməsini aça bilərsiniz. Mesajlara emojilərlə reaksiya bildirmək imkanı da var.

Bu yeni funksiya həm pulsuz, həm də Premium istifadəçilər üçün əlçatan olacaq. Hələlik yalnız 16 yaşdan yuxarı istifadəçilər üçün, mobil tətbiq üzərindən və bəzi Latın Amerikası ölkələrində istifadəyə verilir. Spotify yaxın həftələrdə bu funksiyanın ABŞ, Kanada, Braziliya, Avropa Birliyi ölkələri, Böyük Britaniya, Avstraliya və Yeni Zelandiyaya da gələcəyini açıqlayıb.

© copyright 2022 | tech.az | info@tech.az