Az | EN

Spotify video podkastları Netflix-də yayımlanacaq

Cəmil Hüseynzadə
15 Oktyabr 2025 16:45
298 baxış
Spotify video podkastları Netflix-də yayımlanacaq

Netflix və Spotify arasında böyük tərəfdaşlıq müqaviləsi imzalanıb.

Netflix musiqi və podkast platforması Spotify ilə əməkdaşlığa başladığını elan edib. Əldə edilən razılaşmaya əsasən, 2026-cı ilin əvvəlindən etibarən Netflix istifadəçiləri ABŞ-da "Spotify Studios" və "The Ringer" tərəfindən istehsal olunan seçilmiş video podkastlara baxa biləcəklər.

Netflix-in məlumatına görə, ilkin olaraq 16 video podkast platformaya əlavə ediləcək. Bu podkastlar idman, mədəniyyət və "true-crime" (gerçək cinayət) janrlarını əhatə edəcək. Xüsusi diqqət çəkən məqam isə odur ki, bu 16 podkast Netflix-in reklamlı ucuz abunə paketlərinin istifadəçiləri üçün belə reklamsız nümayiş olunacaq.

Əməkdaşlıq çərçivəsində, sözügedən podkastların sonradan digər ölkələrdə də istifadəyə verilməsi və əlavə şoularla siyahının genişləndirilməsi planlaşdırılır. Lakin sövdələşmənin şərtlərinə görə, bu video podkastların "YouTube" platformasında yayımlanmasına icazə verilməyəcək.

Bununla yanaşı, "The New York Times" qeyd edir ki, Spotify-ın ən populyar şoularından sayılan "Good Hang With Amy Poehler" bu tərəfdaşlıq müqaviləsinə daxil edilməyib. Hər iki şirkət müqavilənin maliyyə detallarını və gəlir bölgüsü mexanizmini açıqlamayıb.

© copyright 2022 | tech.az | info@tech.az