Qazaxıstan vətəndaşları artıq Starlink internetini qanuni şəkildə ala, istifadə edə və Starlink avadanlıqlarını qeydiyyata sala biləcəklər. Bu barədə Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Naziri Caslan Madiyev Facebook səhifəsində məlumat verib.
Nazir bildirib ki, bir il ərzində Starlink ilə dövlət qurumları və tənzimləyicilər arasında danışıqlar aparılıb və bu gün Starlink Qazaxıstanı rəsmi fəaliyyət xəritəsinə əlavə edib.
Rəsmi status o deməkdir ki, vətəndaşlar Starlink avadanlıqlarını qanunlara uyğun şəkildə əldə edib istifadə edə biləcəklər. İnternetə qoşulma Starlink-in istifadəçi avadanlığı vasitəsilə həyata keçiriləcək.
Qazaxıstanda Starlink-in rəsmi satışının bu ilin üçüncü rübündə başlayacağı əvvəlcədən elan olunmuşdu. İyunda nazirlik və Starlink şirkəti, ölkədə peyk interneti xidməti göstərərkən qanunlara əməl olunması barədə razılaşma imzalayıb.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında test rejimində 10 kənd məktəbi Starlink vasitəsilə sürətli internetə qoşulmuşdu. 2024-cü ilin fevralında isə ölkəyə 500 ədəd avadanlıq gətirilmişdi. Məktəblərin Starlink ilə internetə qoşulması dövlət büdcəsinə təxminən 5 milyon dollara başa gəlir.