Az | EN

Starlink Venesuelada pulsuz internet xidməti təqdim edir

Cəmil Hüseynzadə
05 Yanvar 2026 14:51
68 baxış
Starlink Venesuelada pulsuz internet xidməti təqdim edir

SpaceX şirkətinə məxsus Starlink peyk internet xidməti Venesuelada istifadəçilərə müvəqqəti olaraq pulsuz internet təqdim etməyə başlayıb. Bu addım ABŞ qüvvələrinin ölkə prezidenti Nikolas Maduronun saxlanılması ilə nəticələnən hərbi əməliyyatından sonra atılıb. CNBC-nin məlumatına görə, əməliyyatdan sonra paytaxt Karakas da daxil olmaqla bir sıra bölgələrdə elektrik enerjisi və internet bağlantısı kəsilib.

Starlink bildirib ki, əsas məqsədi “Venesuela xalqını dəstəkləmək üçün yeni və mövcud istifadəçilərin bağlantısını təmin etməkdir”. Hazırda xidmət rəsmi olaraq ölkədə fəaliyyət göstərməsə də, Starlink fevralın 3-dək Venesueladakı aktiv hesablar üçün avtomatik xidmət kreditləri tətbiq edir. Xidmətini dayandırmış və ya ləğv etmiş, lakin Starlink avadanlığına sahib olan istifadəçilər də hesablarını əlavə ödəniş etmədən yenidən aktivləşdirə bilərlər.

Şirkət qeyd edib ki, lazımi avadanlığı olmayan şəxslər hazırda bu imkandan yararlana bilməyəcək. Starlink vəziyyəti və tənzimləyici tələbləri izlədiyini, xidmətin rəsmi satış tarixi ilə bağlı yeniliklərin rəsmi kanallar vasitəsilə açıqlanacağını bildirib. Qeyd edək ki, SpaceX oxşar addımı 2022-ci ildə Rusiyanın işğalından sonra Ukraynada da atmışdı.

Xatırladaq ki, ABŞ qüvvələri şənbə günü həyata keçirdiyi hava zərbələri və quru əməliyyatı nəticəsində Nikolas Maduro və onun həyat yoldaşı Silia Floresi saxlayıb. Onlara narkoterrorizm və narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlar irəli sürülüb. Venesuela Ali Məhkəməsi Maduronun yoxluğunda Delcy Rodrigesi müvəqqəti prezident təyin edib. ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, ölkədə “qanuni hakimiyyət formalaşanadək” prosesə nəzarət ediləcək.

© copyright 2022 | tech.az | info@tech.az