Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən Telegram-a məxsus təxminən 500 milyon dollar dəyərində istiqrazlar Rusiyanın Milli Hesablaşma Depozitarisində (NRD) bloklanıb. Bu vəziyyət 2026-cı ildə müddəti bitən istiqrazların bir hissəsinin geri alınması prosesini çətinləşdirir.
Mənbələrin bildirdiyinə görə, Telegram investorları məlumatlandıraraq, dondurulmuş istiqrazlar üzrə borcun ödəmə müddəti başa çatmadan əvvəl tam ödəniləcəyinə söz verib. Daha sonra ödəniş agenti və depozitar bu vəsaitlərin Rusiya investorlarına köçürülməsinin mümkün olub-olmadığına qərar verəcək.
FT həmçinin Telegram-ın 2025-ci ilin ilk yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb. Sənədlərə əsasən, şirkətin gəlirləri illik müqayisədə 65 faizdən çox artaraq 870 milyon dollara çatıb. Bu məbləğin təxminən üçdə biri “eksklüziv razılaşmalar”dan əldə olunub. Razılaşmaların detalları açıqlanmasa da, FT onların kriptovalyuta layihələri ilə əlaqəli ola biləcəyini qeyd edir.
