Çinin kosmonavtlar dəstəsi Ay istiqamətində planlaşdırılan pilotlu uçuşlara hazırlıq çərçivəsində Yer üzündəki mağaralarda xüsusi təlim kursunu uğurla başa vurub. Təlimlər gələcək Ay missiyalarında qarşılaşa biləcək çətin şərtləri imitasiya etmək məqsədi daşıyıb.
Məşğələlər ölkənin cənub-qərbində yerləşən Çunçin bələdiyyəsinin dağlıq ərazisində keçirilib. Təlim proqramında 28 kosmonavt iştirak edib. Onlar dörd qrupa bölünüb və hər qrup altı gün beş gecə ərzində soyuq və rütubətli yeraltı mühitdə qalıb.
Çin Kosmonavtların Tədqiqatı və Hazırlığı Mərkəzi tərəfindən hazırlanmış bu proqram ölkədə ilk dəfə tətbiq olunan format hesab olunur. Təlim Avropa Kosmik Agentliyinin istifadə etdiyi CAVES (Cooperative Adventure for Valuing and Exercising human behavior and performance Skills) proqramına bənzəyir. Yeraltı məşğələlərlə yanaşı, kosmonavtlar ekstremal şəraitdə sağ qalma və komanda işi bacarıqlarını təkmilləşdirmək üçün iki günlük cəngəllik hazırlığı da keçiblər.
Təlim proqramının başa çatdığı barədə yanvarın 5-də — Çin kosmonavtlar dəstəsinin yaradılmasının 28-ci ildönümündə rəsmi açıqlama verilib.
