Dünyanın müxtəlif ölkələrindən olan istifadəçilər Starlink peyk internet xidmətində kütləvi nasazlıqla bağlı şikayətlərini bildiriblər. Downdetector platformasında nasazlıqlar barədə şikayətlərin sayı pik vaxtda 63 minə yaxın olub, saat 23:02-də isə təxminən 34,5 minə enib. Sosial şəbəkə X-də (əvvəlki Twitter) istifadəçilər qlobal miqyasda problem yaşadıqlarını qeyd edirlər.
Starlink şirkəti baş vermiş texniki qüsuru təsdiqləyərək məsələ üzərində işlədiyini açıqlayıb. Lakin problemi nə vaxt tam aradan qaldıracağı barədə hələ məlumat verməyib. Texnologiya portalı The Verge bildirir ki, bu Starlink-də ilk belə nasazlıq deyil, lakin bu tip hallar nadir hallarda baş verir.
Starlink — SpaceX şirkətinə məxsus peyk internet sistemi olub, 2020-ci ildən etibarən test mərhələsindədir. 2025-ci ilin iyun ayı məlumatlarına görə, şirkətin orbitdə 7,800-dən çox peyki fəaliyyət göstərir.
2025-ci ilin iyul ayında Starlink və T-Mobile əməkdaşlığı ilə ABŞ-də “T-Satellite” xidməti istifadəyə verilib. Bu xidmət mobil əlaqənin olmadığı “ölü zonalar”da istifadəçilərə mətn mesajları göndərmək imkanı yaradır.
Məsələ ilə bağlı əlavə yeniliklər barədə məlumat veriləcək.