2016-cı ildə yayımlanmağa başlayan “Stranger Things” (Çox Qəribə Hadisələr) serialı ABŞ iqtisadiyyatına ümumilikdə 1,4 milyard dollar töhfə verib. Bu barədə Variety nəşri Netflix-in çəkiliş və maliyyə məlumatlarına istinadən xəbər verir.
Qardaşlar Daffer tərəfindən yaradılan serialın ümumi baxış sayı 1,2 milyardı ötərək, onu Netflix tarixinin ən çox izlənilən layihəsinə çevirib. Serialın final mövsümünün son bölümü 31 dekabr 2025-ci ildə yayımlanacaq.
Serialın əsas çəkilişlərinin aparıldığı Corciya ştatının ÜDM-i 650 milyon dollar, Kaliforniya ştatının ÜDM-i isə 500 milyon dollar artıb. Layihə çərçivəsində ölkə üzrə 8 mindən çox yeni iş yeri yaradılıb.
“Stranger Things” bir çox tanınmış brendlə əməkdaşlıq edib. Coca-Cola, Nike, Converse, Gap, Wrangler, Primark, eləcə də Lego serialla bağlı xüsusi kolleksiyalar və məhsullar təqdim edib.
Serialda əsas personajların oynadığı Dungeons & Dragons stolüstü oyununa maraq 2016-cı ildən bəri 673% artıb.
Xüsusilə diqqətçəkən faktlardan biri də 1956-cı ildə yaradılan Eggo dondurulmuş vaflilərinin yenidən populyarlaşması olub. Baş qəhrəmanlardan Eleven obrazının sevimli yeməyi kimi təqdim olunan bu məhsulun satışları 2017-ci ilin dördüncü rübündə 14%, 2018-ci ilin ilk dörd ayında isə 9,4% artım göstərib.
