Az | EN

Tamerlan Məşhədihəsənli: “27 yaşda alim adını qazanmaq mənə güc və motivasiya verir”

Cəmil Hüseynzadə
29 Fevral 2024 10:23
763 baxış
Tamerlan Məşhədihəsənli: “27 yaşda alim adını qazanmaq mənə güc və motivasiya verir”

Azərbaycanda 30 yaşına qədər doktorluq dissertasiyasını müdafiə edən şəxslər gənc alim hesab olunur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən AzInTelecom MMC-nin İdentifikasiya və təhlükəsizlik bölməsinin rəhbəri Tamerlan Məşədihəsənli gənc alim adını qazanıb. Türkiyənin İstanbul Universitetində ingilis dilində “İqtisadi artımın stimullaşdırılmasında informasiya və kommunikasiya texnologiyalarının rolunun təhlili: OECD ölkələri üzrə tədqiqat” dissertasiya mövzusunu uğurla müdafiə edən 27 yaşlı T.Məşədihəsənli 2003-2019-cu illər üzrə 35 ölkənin İKT sektorundakı məlumatlarını təhlil edərək iqtisadi artıma təsirini araşdırıb.

SİMA yeni nəsil rəqəmsal imzanın yaradılmasında müstəsna xidmətləri olan gənc alimin müsahibəsini təqdim edirik.

- Gənc alim adını necə qazandınız?

- Uşaqlıqdan elmə, ixtiraya böyük həvəsim olub. Dövlət Neft və Sənaye Universitetində Sənayenin təşkili və idarə olunması ixtisası üzrə bakalavr, Türkiyənin Marmara Universitetinin Biznesin idarəolunması və Marketinq ixtisası üzrə magistr təhsili almışam. 2019-cu ildə İstanbul Universitetində ingiliscə İqtisadiyyat üzrə doktoranturaya qəbul oldum və 5 il İqtisadi artımın stimullaşdırılmasında informasiya və kommunikasiya texnologiyalarının rolunun təhlili: OECD ölkələri üzrə tədqiqat” dissertasiya mövzusunu müdafiə edərək doktorantura təhsilimi tamamladım. Ötən ay gənc alim adını qazandım.

Təhsilimlə paralel olaraq 2019-cu ildən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki "AzInTelecom" şirkətində işləyirəm. Hazırda şirkətin İdentifikasiya və təhlükəsizlik bölməsinin rəhbəriyəm. SİMA yeni nəsil rəqəmsal imzanın yaradan komandanın üzvlərindənəm.

- Nə üçün doktorantura oxumaq qərarına gəldiniz?

Elmi araşdırmalar etməyə çox həvəsim var. 2019-cu ildə Marmara Universitetindən məzun olduğum ərəfələrdə Türkiyədə doktorantura təhsilinə müraciətlər başlamışdı. Müraciət etdim və nəticələr çox qısa zamanda açıqlandı. Qəbul olduğumu gördükdə bu mənə əlavə motivasiya verdi və başladığım işi tamamlamaq qərarına gəldim. İndi öz ölkəmdə elmi fəaliyyətimi davam etdirib, ali təhsil ocaqlarından birində biliklərimi tələbələrlə bölüşmək, dərs demək istəyirəm.

- Gənc yaşda alim olmağın nə kimi üstünlükləri var?

- Əgər gələcəkdə elmi sahədə professor, araşdırmaçı, müəllim, akademik, ekspert və s. kimi çalışmaq istəyirsinizsə, PhD (doktorluq) təhsili almağınız mütləqdir. Bu qərarı magistr dövrlərindən düşünməyə başlamalısınız. Bu həm status, həm perspektiv məsələsidir. Üstəlik, ölkəmizdə müəyyən güzəştli xidmətlər var ki, alimlər bu xidmətlərdən istifadə edə bilir.

- Türkiyədə doktorantura təhsili ilə bağlı bizə bir az məlumat verərdin.

Türkiyənin demək olan əksər universitetlərinin diplomları bizim ölkədə tanınır. Qardaş ölkədə doktorantura oxumaq üçün minimum 1 il müntəzəm olaraq universitetə getmək məcburiyyətindəsiniz. Dərsləri tamamladıqdan sonra isə ildə 2 dəfə imtahan və sənədləşmə işləri üçün getməyiniz kifayət edir.

Tədris dili əsasən türkcə və ingiliscədir. Bəzi ixtisaslar üçün alman dilində belə təhsil mümkündür. Təhsil haqqı isə universitetdən asılı olaraq dəyişir. Dövlət universitetlərində illik 500-1000 AZN, özəl universitetlərdə isə illik 1000-4000 AZN aralığındadır.

- SİMA yeni nəsil rəqəmsal imzanın yaradıcılarından olduğunuzu qeyd etdiniz. Necə oldu ki, bu layihə yarandı?

- Qeyd edim ki, ölkəmizdə rəqəmsal imzanın ilk yaradıcısı elə AzInTelecom olub. 2011-ci ildə. Daha sonra digər imza növləri yaradılıb. Biz pandemiya dövründə insanların işlərini uzaqdan həll etməsi üçün yeni tələblər formalaşdığını gördük. Elektron imzaların son istifadəçilər tərəfindən əldə olunmasında, istifadəsində müəyyən çətinliklər müşahidə etdik. Xarici bazarı və yeni texnologiyaları araşdırdıq və gördük ki, son istifadəçiləri məsafədən biometrik texnologiya ilə eyniləşdirə bilərik. 2021-ci ildə araşdırmalar və texniki tərəfləri tamamlayıb 2022-ci ildə SİMA yeni nəsil rəqəmsal imzanı istifadəyə verdik.

- Gənc alim kimi, bu layihənin gələcəyini necə görürsünüz?

Dünya dəyişir, yeni texnologiyalar ortaya çıxır, elə biz də SİMA İmza məhsulunda həmin yeni texnologiyalardan sayılan üz tanıma texnologiyası tətbiq etmişik. Öncədə imza olaraq yaranan məhsul artıq platformaya çevrilib və yeni-yeni məhsullar yaradılır. SİMA-nın məhsul sahibi kimi gənc alim adını qazanmaq isə mənə motivasiya verir.

Gələcəkdə isə SİMA platforma olaraq, həm üztanıma ilə ödəniş, həm binalara giriş üçün access tipli yeni həlləri ilə daha da inkişaf edəcək. Yolumuz uzun, işimiz isə çoxdur.

- Təşəkkürlər, uğurlar arzu edirik.

- Mən təşəkkür edirəm.

 

© copyright 2022 | tech.az | info@tech.az