Çinin BYD şirkəti 2025-ci ildə elektromobil satışlarına görə dünya lideri olub və bu göstəricidə ilk dəfə ABŞ-ın Tesla şirkətini geridə qoyub. Bloomberg və CNBCnin məlumatına görə, Tesla-nın elektromobil tədarükü illik müqayisədə 8,6% azalaraq 2024-cü ildəki 1,79 milyon avtomobildən 2025-ci ildə 1,64 milyona düşüb.
Xüsusilə 2025-ci ilin dördüncü rübündə Tesla-nın satışları illik müqayisədə 16% azalaraq 418 min avtomobil təşkil edib. Eyni dövrdə BYD-nin satışları isə 28% artaraq 2,26 milyon elektromobilə çatıb.
Məlumata görə, Tesla artan rəqabət, ABŞ-da elektromobil subsidiyalarının ləğvi və şirkətin baş direktoru İlon Maskın siyasi fəaliyyəti ilə bağlı bəzi istehlakçıların mənfi reaksiyası səbəbilə təzyiq altındadır. Bundan əlavə, şirkətin “həqiqətən yeni və münasib qiymətli” model çatışmazlığı yaşadığı qeyd olunur.
Bununla belə, Tesla üçün 2025-ci ilin üçüncü rübü rekord satışlarla yadda qalıb. ABŞ-da 7 500 dollarlıq federal vergi güzəştinin 30 sentyabr 2025-ci ildə qüvvədən düşməsi alıcıları tələsdərək satışları müvəqqəti artırıb. Lakin həmin rübdə belə BYD-nin satışları Tesla-nı 17% üstələyib.
Qeyd edək ki, 2025-ci ilin oktyabrında Tesla səhmdarları İlon Maskın strateji hədəflərə çatacağı təqdirdə 1 trilyon dollarlıq mükafat paketi almasını təsdiqləyib. Şirkət rəhbərliyi bu qərarın əks halda Tesla-nın ciddi dəyər itkisi ilə üzləşə biləcəyini bildirib.
