Trendyol Qrupu, Baykar-ın baş direktoru Haluk Bayraktar, BƏƏ mənşəli investisiya fondu ADQ və Çinli maliyyə texnologiyaları şirkəti Ant International birlikdə Türkiyədə fəaliyyət göstərəcək yeni fintech şirkəti yaratmaq üçün əməkdaşlığa başlayıblar.
Yaradılacaq platforma e-ticarət, rəqəmsal bankçılıq, süni intellekt və sığorta kimi sahələrdə inteqrasiya olunmuş xidmətlər təqdim edəcək. Bu əməkdaşlıq vasitəsilə xüsusilə fərdi istifadəçilər və kiçik sahibkarlar maliyyə xidmətlərinə daha asan və sürətli çıxış əldə edəcəklər. Yeni fintech şirkətinin yaxın aylarda fəaliyyətə başlaması nəzərdə tutulur.
Bu yeni struktura Baykar-ın kibertəhlükəsizlik və süni intellekt sahəsindəki texniki gücü, Trendyol-un rəqəmsal infrastruktur və geniş istifadəçi bazası, eləcə də Ant International-ın qlobal fintech təcrübəsi daxil olacaq.
Trendyol Qrupu prezidenti Çağlayan Çətin bildirib ki, “Bu əməkdaşlıqla Türkiyə iqtisadiyyatının rəqəmsallaşmasına təkan verəcəyik və texnologiya yönümlü maliyyə həllərində nümunəvi bir model yaradacağıq. Güclü data analitikası qabiliyyətlərimiz sayəsində, xüsusilə 250 mindən çox satıcımızın e-ticarət və e-ixrac imkanlarını artırmaq üçün maliyyə xidmətlərini daha əlçatan edəcəyik və bununla da ölkə iqtisadiyyatına uzunmüddətli və davamlı töhfə verəcəyik.”
Baykar-ın baş direktoru Haluk Bayraktar isə qeyd edib: “Bu əməkdaşlıqla Baykar-ın süni intellekt həlləri və möhkəm texniki infrastrukturu, Trendyol-un geniş istifadəçi şəbəkəsi və maliyyə texnologiyaları təcrübəsi ilə birləşir. Məqsədimiz daha sürətli, etibarlı və hər kəs üçün əlçatan həllər yaratmaqdır. Risk idarəetməsi və təhlükəsizlik sahəsində yüksək standartları əsas tutaraq, tamamilə yerli maliyyə texnologiyaları infrastrukturu quracağıq. Bu addım Milli Texnologiya Hərəkatına güc qatacaq. Bu layihədə iştirak edən bütün komandalarımıza təşəkkür edirəm.”