Az | EN

Trust Wallet brauzer əlavəsində kiberhücum nəticəsində 7 milyon dollar oğurlanıb

Nigar Sultanli
26 Dekabr 2025 10:37
51 baxış
Trust Wallet brauzer əlavəsində kiberhücum nəticəsində 7 milyon dollar oğurlanıb

Trust Wallet-in Google Chrome brauzer əlavəsində baş vermiş təhlükəsizlik boşluğu nəticəsində istifadəçilərin təxminən 7 milyon dollar vəsaiti oğurlanıb. Şübhəli əməliyyatları ilk olaraq kripto-tədqiqatçı ZachXBT aşkar edib və o, vəsaitlərin məhz brauzer əlavəsinin son yenilənməsindən sonra yoxa çıxdığını müşahidə edib.

Trust Wallet rəhbərliyi baş vermiş haker hücumunu təsdiqləyib. Məlum olub ki, boşluq yalnız brauzer əlavəsinin konkret 2.68 versiyasında mövcuddur. Şirkət istifadəçiləri təcili olaraq proqramı 2.69 versiyasına yeniləməyə və yenilənmə tamamlanana qədər brauzer əlavəsini işə salmamağa çağırıb. Digər versiyalardan istifadə edənlərin və ya pulqabına yalnız smartfon vasitəsilə daxil olanların vəsaitləri üçün heç bir təhlükə yoxdur.

Binance birjasının qurucusu və Trust Wallet-in sahibi Çanpen Çjao bildirib ki, 2025-ci il 26 dekabr tarixinə olan məlumata görə itkilərin ümumi həcmi 7 milyon dollardır. Şirkət istifadəçilərə dəymiş ziyanı tamamilə kompensasiya edəcəyini öhdəsinə götürüb. Hazırda xakerlərin zərərli proqramı rəsmi mağazaya necə yükləyə bildiyi ilə bağlı daxili araşdırma davam edir.

© copyright 2022 | tech.az | info@tech.az