Az | EN

Google istifadəçilərə @gmail.com ünvanlarını dəyişmək imkanı verdi

Nigar Sultanli
25 Dekabr 2025 13:04
39 baxış
Google istifadəçilərə @gmail.com ünvanlarını dəyişmək imkanı verdi

Google şirkəti illərdir gözlənilən bir yeniliyi təqdim edərək istifadəçilərə mövcud @gmail.com ünvanlarını dəyişmək imkanı yaradıb. Əvvəllər bu imkan yalnız Google hesabına kənar elektron poçt ünvanı bağlayanlar üçün əlçatan idi, Gmail istifadəçiləri isə seçdikləri addan daimi istifadə etməyə məcbur qalırdılar. Şirkətin yardım səhifəsində yer alan məlumata görə, bu funksiya hazırda tədricən bütün dünyada aktivləşdirilir.

Yeni qaydalara əsasən istifadəçilər köhnə və ya artıq istifadə etmək istəmədikləri poçt adlarını bütün məlumatları itirmədən yenisi ilə əvəz edə biləcəklər. Əsas üstünlük ondan ibarətdir ki, köhnə ünvan silinmir və yeni ünvanın bir növ ləqəbi kimi saxlanılır. Bu isə o deməkdir ki, köhnə ünvana göndərilən məktublar yenə də eyni gələnlər qutusuna daxil olacaq və istifadəçi hər iki ünvanla hesabına daxil ola biləcək.

Məhdudiyyətlərə gəldikdə isə Google bu dəyişikliyi 12 ay ərzində yalnız bir dəfə etməyə icazə verir. Dəyişiklik zamanı Google Disk, Fotolar və digər xidmətlərdəki bütün fayllar və tətbiq dataları tamamilə toxunulmaz qalır. Bu yenilik xüsusilə gənc yaşlarda qeyri-ciddi adlarla açılmış hesabları peşəkar formaya salmaq və ya şəxsi məlumatlarını yeniləmək istəyən milyonlarla istifadəçi üçün böyük rahatlıq təmin edəcək.

© copyright 2022 | tech.az | info@tech.az