“Yaradıcı media” anlayışının əsasını qoyan və süni intellekt sahəsində qlobal miqyasda böyük maraq doğuran yerli texnoloji startap Fal, Seriya C investisiya raundunu uğurla başa vurub. Şirkət bu mərhələdə 1,5 milyard dollar dəyərində qiymətləndirmə ilə 125 milyon dollar investisiya cəlb edib. Bununla da Fal indiyədək ümumilikdə 197 milyon dollar investisiya alaraq, “Unicorn” statusu qazanan şirkətlər sırasına daxil olub.
İnvestisiya raunduna Meritech Capital rəhbərlik edib. Raundda həmçinin Salesforce Ventures, Shopify Ventures, Google AI Futures Fund və əvvəlki mərhələlərdə sərmayə qoyan Andreessen Horowitz (a16z), Bessemer Venture Partners, Kindred Ventures, Notable Capital, First Round Capital, Unusual Ventures və Village Global da iştirak edib.
Fal-ın təsisçisi və icraçı direktoru Burkay Gür bildirib ki, bu raundda tanınmış qlobal investisiya fondlarının iştirakı, fərdiləşdirilmiş və real vaxtda istehsal olunan media məhsullarının brendlər və şirkətlər üçün nə qədər önəmli olduğunu bir daha sübut edir:
“Fal bu dəyişimi mümkün edən əsas texnoloji platformadır. Biz yaradıcı komandaların texniki baryerlər və istehsalat çətinlikləri ilə üzləşmədən, öz təsəvvür sürətinə uyğun məhsul yarada bilməsi üçün lazımi alətləri təqdim edirik.”
Startap komandasının verdiyi açıqlamaya görə, yeni investisiyalar şirkətin infrastrukturunun gücləndirilməsi, yeni işçilərin cəlb olunması və növbəti onillik üçün yaradıcı media sahəsində əsas texnologiyaların inkişafına yönəldiləcək.
Fal nədir?
2021-ci ildə Burkay Gür və Görkəm Yurtseven tərəfindən təsis olunan Fal, bu gün dünyada inkişaf etdiricilər üçün yaradılmış ən böyük süni intellekt əsaslı media platforması hesab olunur. Şirkət səs, şəkil və video istehsalı üçün müxtəlif süni intellekt modellərini bir araya gətirir. İstifadəçilər, o cümlədən Google-un ən son video modeli Veo 3 də daxil olmaqla, onlarla açıq və qapalı mənbəli AI modelinə API vasitəsilə saniyələr içində çıxış əldə edə bilirlər.
Fal platforması 2,5 saniyəlik flux çıxarış sürəti ilə rəqiblərinə nisbətən iki dəfə daha sürətli nəticə verir.
Hazırda Fal 100-dən çox tanınmış korporativ müştəri – o cümlədən Quora, Canva, Perplexity, Shopify, Moonvalley, Foster + Partners və Play AI ilə əməkdaşlıq edir. Platformada 1 milyondan artıq istifadəçi qeydiyyatdadır və hər ay milyonlarla süni intellekt tərəfindən yaradılmış vizual material təqdim olunur. Artan tələbat fonunda, şirkətin gəliri son iki ayda 50 faizdən çox artıb.