Uşaq inkişafı və valideyn dəstəyi sahəsində süni intellektə əsaslanan texnologiyalar hazırlayan türk startapı Yuppo ilkin investisiya mərhələsini uğurla başa vuraraq təxminən 750 min avro (25 milyon TL) həcmində investisiya cəlb edib.
İnvestisiya raunduna Ak Portföy GSYF, Logo Ventures və Wamda kimi nüfuzlu fondlarla yanaşı, Faruk Eczacıbaşı, Ahu Serter, Münteha Adalı, Mert Fırat, Ali Kerim Diler və Okan Coşgun kimi tanınmış mələk investorlar da qatılıb.
Sadık Ünlü, Serhat Soyuerel, Hande Çilingir, Muharrem Derinkök, Mehmet Sinan Toktay və professor Selçuk Şirin tərəfindən təsis olunan Yuppo, 0–6 yaş arası uşaqları olan valideynlərə övladlarının inkişafını izləmək və dəstəkləmək üçün süni intellekt texnologiyalarına əsaslanan innovativ həllər təqdim edir.
Startapın əsas məqsədi – insan həyatında ən həssas dövr hesab olunan erkən uşaqlıq mərhələsində valideynlərə elmi əsaslı, fərdiləşdirilmiş və yaşa uyğun məzmun və materiallar təqdim etməkdir. Süni intellekt texnologiyası vasitəsilə Yuppo, valideynlərə virtual köməkçi ilə suallarını ünvanlamaq və doğru cavablar almaq imkanı yaradır.
Bu yanaşma, valideynlərin övladlarının inkişaf prosesinə daha yaxından və məqsədyönlü şəkildə cəlb olunmasına, onların daha sağlam təməl formalaşdırmasına şərait yaradır.
Yuppo komandası əldə olunan sərmayəni süni intellekt texnologiyalarını daha da təkmilləşdirmək və genişləndirmək üçün istifadə etməyi planlaşdırır. İnvestisiyadan sonra verilən açıqlamada belə deyilir:
“Yuppo-nun həm ölkəmizdə, həm də dünyada bu sahədəki inkişafa mühüm töhfələr verəcəyinə inamımız tamdır.”