Bulud əsaslı bankçılıq həlləri təqdim edən Türkiyə mərkəzli fintech startapı Fimple qlobal miqyasda böyüməsini sürətləndirmək məqsədilə 10 milyon dollar həcmində əlavə investisiya alıb. Bu vəsait ötən il reallaşan Series A investisiya raundunun davamı kimi cəlb olunub. İnvestorlar sırasında Ak Portföy GSYF, DN Capital, Smartfin və APY Ventures yer alır.
Şirkətin yaydığı rəsmi açıqlamaya görə, investisiya əsasən Körfəz Əməkdaşlıq Şurası (GCC) ölkələrində fəaliyyətin genişləndirilməsinə yönəldiləcək. Bu çərçivədə Dubay və Ər-Riyadda yeni ofislərin açılması planlaşdırılır. Fimple bölgədə bankçılıq, rəqəmsal kreditləşmə və Banking as a Service (BaaS) həllərini aktiv şəkildə yaymağı hədəfləyir.
2022-ci ildə Abdurrahman Çınar və Mücahit Gündebahar tərəfindən təsis edilən, İstanbul və London mərkəzli Fimple banklar və maliyyə şirkətləri üçün fərdiləşdirilə bilən müasir texnoloji infrastruktur həlləri təqdim edir.
Fimple-in baş icraçı direktoru Mücahit Gündebahar bildirib ki, bu investisiya şirkətin vizyonuna olan etimadın göstəricisidir və Körfəz bölgəsində strateji tərəfdaşlıqların dərinləşdirilməsinə imkan yaradacaq.
