Bir müddətdir ki, Twitter-in hazırkı 280 simvol limitinin dəyişdiriləcəyi ilə bağlı xəbərlər yayılırdı. Sosial media platformasından verilən rəsmi açıqlama ilə Twitter-in yeni simvol limitinin 4000 olduğu bildirilib.
Bu funksiya hazırda yalnız ABŞ-da Twitter Blue istifadəçiləri üçün əlçatandır. Yaxın zamanda yenilik digər ölkələrə də gələcək, lakin ondan istifadə etmək üçün "Blue" abunəçisi olmaq lazımdır. Yeni funksiya ilə istifadəçilər tvitlərə foto və ya video kimi media faylları da əlavə edə biləcəklər.
Yalnız ödənişli istifadəçilər uzun tvitlər göndərə bilsələr də, platformadakı hər kəs onları oxuya biləcək. Yalnız ilk 280 simvolu deyil, bütün yazını oxumaq üçün “Daha çox göstər” düyməsini sıxmaq lazımdır. Bununla belə, funksiya hazırda Twitter-in veb versiyasında mövcuddur və hələ ki mobil cihazlarda əlçatan deyil. Əlavə edək ki, Twitter həmçinin platformaya qalın hərflərin istifadəsi və şrift ölçüsü kimi format dəyişiklikləri də etmək istəyir.