Elektrikli skuter və velosiped paylaşım xidməti göstərən Lime ilkin kütləvi səhmlərin yerləşdirilməsi (IPO) zamanı 174 milyon ABŞ dolları vəsait cəlb edib.
Şirkətin səhmləri IPO çərçivəsində 25 dollar qiymətlə satışa çıxarılıb. Səhmlər Nasdaq Global Select Market birjasında ticarətə 27 dollardan başlayıb və günü 26 dollar səviyyəsində başa vurub. Bununla da Lime-ın bazar dəyəri təxminən 1,66 milyard dollar olaraq qiymətləndirilib.
IPO zamanı Lime 6,68 milyon səhm satıb. Bununla yanaşı, şirkətin baş icraçı direktoru Wayne Ting, prezidenti Joseph Kraus, həmtəsisçisi Brad Bao və digər səhmdarlar ümumilikdə 276 731 səhm satıblar.
IPO-dan sonra Uber-in Lime-dakı payının 24%-dən 22%-ə enəcəyi gözlənilir. Qeyd edək ki, Lime-ın 2025-ci il gəlirlərinin 14,5%-i Uber tətbiqi üzərindən həyata keçirilən tərəfdaşlıq hesabına əldə olunub.
Şirkətin maliyyə göstəricilərinə əsasən, 2025-ci ildə gəlirlər 29,1% artaraq 886,7 milyon dollara çatıb. Bununla belə, xalis zərər ötən ildəki 33,9 milyon dollardan 59,3 milyon dollara yüksəlib.
Lime eyni zamanda ardıcıl üçüncü il müsbət sərbəst pul axını (free cash flow) əldə etdiyini açıqlayıb.
Şirkət IPO-dan əldə olunan vəsaiti əməliyyat fəaliyyətinin maliyyələşdirilməsinə, bütün borclarının ödənilməsinə və mümkün satınalmalara yönəltməyi planlaşdırır. Maliyyə hesabatlarında növbəti 12 ay ərzində əhəmiyyətli kredit öhdəliklərinin vaxtının çatacağı da qeyd olunub.
Xatırladaq ki, Uber 2018-ci ildən etibarən Lime skuter və velosipedlərini öz tətbiqinə inteqrasiya edib və hazırda həm şirkətin distribütor tərəfdaşı, həm də səhmdarıdır.
Məlumata görə, IPO zamanı investor tələbi satışa çıxarılan səhmlərin sayını təxminən 6 dəfə üstələyib. Buna baxmayaraq, elektrikli skuter icarəsi sektoru hələ də tənzimləyici risklər və vaxtilə bazarda fəaliyyət göstərmiş Bird kimi şirkətlərin uğursuzluqlarının yaratdığı mənfi fonla üz-üzədir.
