Uber Technologies sürücüsüz nəqliyyat sahəsində fəaliyyət göstərən ABŞ mənşəli May Mobility startapı ilə əməkdaşlığa başlayacağını elan edib. Əməkdaşlıq çərçivəsində minlərlə sürücüsüz robotaksinin ABŞ-ın müxtəlif şəhərlərində istifadəyə verilməsi planlaşdırılır. İlk mərhələdə bu xidmətin 2025-ci ilin sonuna qədər Texas ştatının Arlington şəhərində işə salınacağı gözlənilir.
Bu addım Uber-in sürücüsüz avtomobil texnologiyası üzrə tərəfdaşlıqlar siyahısını daha da genişləndirir. Şirkət bu sahədə əsas rəqibləri olan Lyft və Tesla ilə ciddi rəqabət aparır.
Qeyd edək ki, Uber son illərdə Alphabet-ə məxsus Waymo şirkəti ilə əməkdaşlığını gücləndirib, eyni zamanda Çinin WeRide və Avride şirkətləri ilə də yeni müqavilələr imzalayıb. Bütün bu addımlar Uber-in robotaksi bazarında lider mövqeyini möhkəmləndirmək niyyətindən xəbər verir.
Tesla isə 2024-cü ilin oktyabrında Cybercab adlı sürücüsüz taksi konseptini təqdim edib. Şirkət bu modelin istehsalına 2026-cı ildə başlamalıdır. İlk xidmətin isə bu il Texas ştatının Austin şəhərində istifadəyə verilməsi planlaşdırılır.
Ekspertlər bildirirlər ki, sürücüsüz texnologiyaların tətbiqi mühəndislik və hüquqi sahədə ciddi çağırışlarla üz-üzədir. ABŞ hökuməti bu sahədə irəliləyişi təşviq etmək üçün bəzi təhlükəsizlik qaydalarına istisnalar tətbiq etsə də, eyni zamanda bütün hadisələrin hesabatlılığını tələb edir.
Əməkdaşlıq çərçivəsində May Mobility-nin robotaksiləri ilkin mərhələdə təhlükəsizlik sürücüləri ilə birgə fəaliyyət göstərəcək. Gələcəkdə isə bu nəqliyyat vasitələrinin tam avtonom rejimə keçməsi planlaşdırılır.
May Mobility şirkəti Miçiqan ştatının Ann Arbor şəhərində yerləşir və Toyota, BMW kimi iri avtomobil istehsalçılarından bu günə qədər 380 milyon dollardan çox investisiya cəlb edib. Qeyd edək ki, şirkət 2021-ci ildən etibarən artıq Arlington şəhərində fəaliyyət göstərir. Hazırda əməkdaşlıq çərçivəsində benzin-elektrik hibrid mühərrikli Toyota Sienna modelləri istifadə ediləcək.
Xatırladaq ki, May Mobility ötən il Lyft ilə də oxşar əməkdaşlıq elan edərək Atlanta (Corciya) şəhərində sürücüsüz taksi xidmətini istifadəyə verməyi planlaşdırdığını açıqlamışdı.