Az | EN

UFAZ-da “Demo Day” tədbiri keçirilib

Cəmil Hüseynzadə
22 İyul 2024 15:41
158 baxış
UFAZ-da “Demo Day” tədbiri keçirilib

İyulun 16-da Azərbaycan-Fransız Universitetinin Sahibkarlıq və İnnovasiya Mərkəzində “Demo Day” tədbiri keçirilib. Tədbirdə “Ignite” inkubasiya proqramını uğurla bitirən altı startap komandası (“Toyda”, “Artopia”, “Qutu”, “Cupzz”, “Youngh” və “Goalplus”) innovativ ideyalarını və ilkin məhsullarını jüri üzvlərinə, potensial investorlara və partnyorlara təqdim ediblər.

Startapçılar təqdimatlarını başa vurduqdan sonra jüri üzvlərinin suallarını cavablandırıblar. Jüri üzvləri təqdimatlar və sual-cavab əsasında startapları qiymətləndiriblər və iki qalib müəyyən ediblər.

Tədbirin sonunda qalib startapların adları açıqlanıb. Birinci yerə “Goalplus”, ikinci yerə isə “Toyda” startapı çıxıb. Hər iki startap 5000 manat məbləğində ilkin toxum investisiya əldə edib.

Tədbirdə həmçinin UFAZ məzunu Ömər Nuruzadə həmtəsisçisi və direktoru olduğu “Nexus Lab” startapı ilə keçdiyi yolu və uğur hekayəsini qonaqlar və iştirakçılar ilə paylaşıb.

Qeyd edək ki, “Ignite” inkubasiya proqramı Azərbaycan-Fransız Universitetinin Sahibkarlıq və İnnovasiya Mərkəzi tərəfindən həyata keçirilən və ideya mərhələsindən minimum həyat qabiliyyətli məhsul mərhələsinə qədər yüksəlmək istəyən startaplar üçün nəzərdə tutulan üç aylıq bir proqramdır.

Azərbaycan-Fransız Universitetinin Sahibkarlıq və İnnovasiya Mərkəzinin həyata keçirdiyi proqramlardan və tədbirlərdən xəbərdar olmaq və müraciət etmək üçün mərkəzin instaqram hesabını izləyin:

https://www.instagram.com/ufazinnovation/

© copyright 2022 | tech.az | info@tech.az