Az | EN

Ukrayna Avropada ilk dəfə Starlink mobil internetini istifadəyə verəcək

Nigar Sultanli
11 İyul 2025 12:25
70 baxış
Ukrayna  Avropada ilk dəfə Starlink mobil internetini istifadəyə verəcək

Ukraynanın aparıcı mobil operatoru Kyivstar 2026-cı ilin ortalarında Starlink-in mobil peyk internet xidmətini istifadəyə verərək, ölkəni Avropada bu xidməti təqdim edən ilk dövlətə çevirəcək. Bu barədə Kyivstar-ın baş icraçı direktoru Oleksandr Komarov Reuters-ə bildirib.

2024-cü ilin sonuna planlaşdırılan ilkin mərhələdə isə Starlink vasitəsilə WhatsApp, Signal və digər OTT (over-the-top) mesajlaşma xidmətləri təqdim olunacaq. 2026-cı ilin ikinci rübündə isə peyk üzərindən mobil genişzolaqlı internet və səs xidmətlərinin təqdimatı gözlənilir.

Starlink xidməti SpaceX-in kommersiya peyk şəbəkəsi vasitəsilə birbaşa smartfonlara siqnal ötürür və xüsusi modemlərlə mobil şəbəkə kimi fəaliyyət göstərir. Bu texnologiya, xüsusilə müharibədən zərər görmüş Ukrayna kimi ölkələrdə telekommunikasiya infrastrukturunun etibarlılığını artırmaqda mühüm rol oynayır.

Kyivstar həmçinin ABŞ-nin NASDAQ birjasında qeydiyyatdan keçmək üçün işlərini davam etdirir və Komarov ilin üçüncü rübündə bu prosesin yekunlaşacağını gözləyir. Bu, müharibə dövründə ABŞ birjasında ilk Ukrayna şirkətinin qeydiyyatı kimi tarixə düşəcək.

Son vaxtlar Rusiya tərəfindən elektrik infrastrukturuna edilən hücumlara baxmayaraq, Kyivstar mobil və sabit rabitə xidmətlərini qaranlıq vaxtlarda belə 10 saatadək fasiləsiz təmin edə bilir.

Bu addım Ukraynanın telekommunikasiya sektorunun dayanıqlığını artırmaqla yanaşı, ölkənin beynəlxalq texnoloji arenada mövqeyini gücləndirəcək və müharibə şəraitində belə inkişafını davam etdirdiyini göstərir.

© copyright 2022 | tech.az | info@tech.az