Claude AI illərlə açılmayan Bitcoin cüzdanının bərpasına kömək edib. X sosial şəbəkəsində “Cprkrn” adlı istifadəçi bildirib ki, təxminən 400 min dollar dəyərində 5 BTC saxlanılan cüzdana uzun müddətdən sonra yenidən giriş əldə edə bilib. Blockchain məlumatlarına görə həmin cüzdanda 2015-ci ildən bəri heç bir əməliyyat aparılmayıb.
İstifadəçi əvvəlcə btcrecover və Hashcat kimi şifrə bərpa proqramlarından istifadə etsə də nəticə ala bilməyib. Daha sonra köhnə universitet kompüterindəki faylları Claude AI-yə yükləyib. AI isə köhnə cüzdan fayllarını analiz edərək notebook-da qeyd olunan mnemonic phrase ilə uyğun gələn məlumatları tapmağa kömək edib və nəticədə cüzdan açılıb.
İstifadəçi paylaşımında illər əvvəl şifrəni dəyişdiyini və daha sonra unutduğu üçün hesabdan istifadə edə bilmədiyini bildirib. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunu süni intellekt texnologiyasının böyük uğuru hesab etsələr də, təhlükəsizlik mütəxəssisləri Claude-un Bitcoin şifrələməsini qırmadığını deyirlər. Onların sözlərinə görə, AI sadəcə çoxlu məlumat və fayl arasında uyğun ipuclarını taparaq bərpa prosesini sürətləndirib.
