Ukrayna ABŞ-ın müdafiə texnologiyaları şirkəti “Palantir Technologies” ilə əməkdaşlığı genişləndirir. Ukrayna Prezidenti Volodimir Zelenski şirkətin baş direktoru Aleks Karp ilə görüş keçirdiyini açıqlayıb.
Görüş zamanı tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafını, həmçinin döyüş əməliyyatları və mülki sahələrdə texnoloji həllərin tətbiqini müzakirə ediblər. Zelenski bildirib ki, Ukrayna ilə ABŞ müdafiə sektoru arasında əməkdaşlıq mərhələli şəkildə gücləndirilir və tərəflər əlaqələri davam etdirəcəklər.
“Palantir Technologies” isə açıqlamasında qeyd edib ki, şirkətin proqram təminatı 2022-ci ildən etibarən Ukraynanın müdafiəsində mühüm rol oynayıb. Şirkət nümayəndələri bu texnologiyaların gələcəkdə Qərbin hərbi strategiyalarına ciddi təsir göstərəcəyini vurğulayıblar.
Şirkət həmçinin Ukrayna ilə tərəfdaşlığı daha da gücləndirmək niyyətində olduğunu bildirib.
