Warner Bros. Discovery (WBD) şirkəti Paramount-Skydance tərəfindən irəli sürülən 108.4 milyard dollarlıq satınalma təklifini qəbul etməyib. İdarə Heyəti bəyan edib ki, bu təklif maliyyə baxımından kifayət qədər zəmanətli deyil və səhmdarlar üçün ciddi risklər daşıyır.
Tənzimləyici orqanlara təqdim edilən sənəddə qeyd olunur ki, Paramount tərəfi hər səhm üçün təklif etdiyi 30 dollarlıq ödənişin Ellison ailəsi tərəfindən tam zəmanət altına alındığı barədə səhmdarları "davamlı olaraq yanıltmağa çalışıb". İdarə Heyəti "Belə bir zəmanət yoxdur və heç vaxt da olmayıb" deyərək təklifin çoxsaylı risklər ehtiva etdiyini vurğulayıb.
Şirkət rəhbərliyi Paramount-un təklifini Netflix ilə imzalanan birləşmə sazişi ilə müqayisədə "daha zəif" adlandırıb. Qeyd olunub ki, Netflix-in hər səhm üçün təklif etdiyi 27.75 dollar, əlavə kapital maliyyələşməsinə ehtiyac duymayan, hüquqi cəhətdən məcburi və güclü borc öhdəlikləri ilə dəstəklənən real bir razılaşmadır.
Paramount tərəfi maliyyələşmənin "qüsursuz" olduğunu iddia etsə də, WBD rəhbərliyi Ellison ailəsindən heç bir rəsmi öhdəlik alınmadığını bildirib. Təklifin əsaslandığı "Lawrence J. Ellison Revocable Trust" fondu isə "naməlum və qeyri-şəffaf" bir qurum kimi xarakterizə edilib. İdarə Heyəti xəbərdarlıq edib ki, bu sövdələşmədən sonra şirkətin borc yükü riskli səviyyəyə çatacaq və sərbəst pul axını demək olar ki, qalmayacaq.
Warner Bros. Discovery-nin baş icraçı direktoru David Zaslav məsələyə sərt münasibət bildirib:
"Paramount tərəfi Larri Ellisonun razılaşmaya maliyyə dəstəyi verəcəyini desə də, biz Ellison ailəsindən belə bir təsdiq almadıq. Tam və şərtsiz maliyyə öhdəliyinin vacibliyini dəfələrlə vurğulasaq da, bunu sübut edə bilmədilər. Çox güman ki, bəhs etdikləri vəsait əslində mövcud deyildi".
