Az | EN

WhatsApp ehtiyat nüsxələrin bərpasını asanlaşdırır

Nigar Sultanli
31 Oktyabr 2025 16:17
39 baxış
WhatsApp ehtiyat nüsxələrin bərpasını asanlaşdırır

İndiyə qədər, WhatsApp söhbətlərinizin "backup"ını (yəni köçürməsini, ehtiyat nüsxəsini) tam şifrəli saxlamaq mümkün idi. Bu yaxşıdır, çünki təhlükəsizdir. Amma bir problem var idi: telefonu dəyişib həmin "backup"ı geri qaytarmaq istəyəndə, sizdən ya çətin bir parol, ya da 64 rəqəmdən ibarət uzun bir şifrə tələb olunurdu. Çox adam bu parolu və ya uzun şifrəni unutduğu üçün söhbətlərini itirirdi.

WhatsApp bu çətinliyi aradan qaldırır. Artıq həmin 64 rəqəmli şifrəyə və ya əlavə parola ehtiyac qalmayacaq. Şirkət "Passkey" (Giriş Açarı) adlı yeni texnologiyanı tətbiq edir.

Artıq telefonu dəyişib köhnə söhbətlərinizi geri qaytarmaq istəyəndə, uzun kodlar yazmaq əvəzinə, sadəcə aşağıdakılardan birini etməyiniz kifayət edəcək:

  1. Barmaq izinizi oxutmaq;
  2. Üzünüzü (Face ID kimi) tanıtmaq;
  3. Və ya telefonunuzun ekran kilidi kodunu (PIN kodu) daxil etmək.

Qısacası, bu yenilik "backup" sistemini həm çox təhlükəsiz saxlayır, həm də onu bərpa etməyi inanılmaz dərəcədə asanlaşdırır.

WhatsApp bildirir ki, bu yenilik yaxın həftələr və aylar ərzində mərhələli şəkildə (yəni hissə-hissə) bütün istifadəçilərə təqdim olunacaq. Yəni, hamıda eyni anda görünməyə bilər.

© copyright 2022 | tech.az | info@tech.az