WhatsApp messencer istifadəçilərinin təhlükəsizliyini gücləndirmək məqsədilə yeni funksiyalarını istifadəyə verib. Yeni yeniliklər sayəsində istifadəçilər tanımadıqları qruplar və kontaktlar barədə öncədən məlumat ala biləcəklər.
İndi, əgər istifadəçi tanımadığı bir qrup söhbətinə dəvət olunarsa, söhbətin kim tərəfindən və nə vaxt yaradıldığı, qrupda neçə iştirakçının olduğu, həmçinin bu iştirakçılardan hansılarının istifadəçinin kontaktlarında olduğu barədə qısa məlumat veriləcək. Həmçinin, potensial fırıldaqçılıq cəhdləri barədə xəbərdarlıq ediləcək və istifadəçilərə təhlükəsizlik barədə məsləhətlər təqdim olunacaq.
Varsayılan olaraq, tanımadığınız qruplardan gələn bildirişlər avtomatik söndürüləcək və yalnız istifadəçi həmin qrupa qoşulduqda aktivləşəcək.
WhatsApp həmçinin istifadəçiləri xəbərdar edir ki, fırıldaqçılar tətbiqdən kənar əlaqə quraraq söhbəti şəxsi mesajlara keçirə bilərlər. Bu səbəbdən platforma əlavə tədbirlər görür və tanımadığı kontakta cavab vermədən əvvəl əlavə məlumatlar göstərməklə istifadəçilərin diqqətini artırmağa çalışır.
Qeyd edək ki, WhatsApp Meta və OpenAI ilə əməkdaşlıqda Kamboca ölkəsində fəaliyyət göstərən saxtakarlıq şəbəkəsini ifşa edib. Saxtakarlıq edənlər istifadəçiləri kriptovalyuta və maliyyə piramidalarına "investisiya" adı altında cəlb etməyə çalışırdılar.
Cənub-Şərqi Asiyada 6,8 milyondan çox saxta hesab WhatsApp tərəfindən bloklanıb.