Az | EN

Wikipedia süni intellekt şirkətləri ilə tərəfdaşlıqlara başlayır

Cəmil Hüseynzadə
16 Yanvar 2026 13:59
47 baxış
Wikipedia süni intellekt şirkətləri ilə tərəfdaşlıqlara başlayır

Wikipedia-nı idarə edən Wikimedia Foundation Microsoft, Perplexity, Mistral AI və digər süni intellekt modeli hazırlayan şirkətlərlə tərəfdaşlıqlarını elan edib. Şirkətlər fondun kommersiya platforması Wikimedia Enterprise-ə qoşulublar.

Fond bu platformanı 2021-ci ildə iri İT şirkətlərinə Wikimedia məzmunundan daha səmərəli istifadə imkanı yaratmaq üçün istifadəyə verib. 2022-ci ildə xidmətin ilk müştəriləri Google və Internet Archive olub. Daha sonra Amazon, Meta, Microsoft, Mistral AI və Perplexity ilə də əməkdaşlıqlar qurulub. Digər tərəfdaşlar arasında Ecosia, Pleias və ProRata da var.

Wikimedia Foundation bildirir ki, tərəfdaş şirkətlər Wikimedia layihələrinin məzmununa öz ehtiyaclarına uyğun həcmdə və sürətdə çıxış əldə edirlər. Wikipedia-da 300-dən çox dildə 65 milyondan artıq məqalə mövcuddur və aylıq baxış sayı təxminən 15 milyarda çatır.

Qeyd olunur ki, Wikipedia-nın əsas gəlir mənbəyi kiçik fərdi ianələrdir. Lakin açıq məzmunun süni intellekt modellərinin öyrədilməsi üçün geniş istifadəsi serverlərə düşən yükü və xərcləri artırıb. Tərəfdaşlıqlar onlayn ensiklopediyanın fəaliyyətinin davamlılığını təmin etməyə kömək edir.

© copyright 2022 | tech.az | info@tech.az