ABŞ-də Google şirkətinə qarşı aparılan antiinhisar məhkəmə işi zamanı maraqlı bir məlumat açıqlanıb: Yahoo şirkəti, Google Chrome brauzerinin mümkün satışı ilə maraqlandığını bildirib.
ABŞ Ədliyyə Nazirliyi, Google-un internet axtarış bazarında çox böyük üstünlüyə sahib olduğunu əsas gətirərək, şirkətin bəzi xidmətlərini satmağa məcbur edilməsini istəyir. Bu xidmətlərdən biri də — Google Chrome brauzeridir.
Məhkəmə prosesində çıxış edən Yahoo Search rəhbəri Brayan Provost, əgər məhkəmə Google-u Chrome brauzerini satmağa məcbur etsə, Yahoo-nun bu brauzeri almaqda maraqlı olduğunu açıqlayıb. Onun sözlərinə görə, bu alqı-satqı on milyardlarla dollar dəyərində ola bilər.
Provost qeyd edib ki, Yahoo hazırda öz axtarış sistemini və brauzerini yenidən qurmağa çalışır. Xatırladaq ki, Yahoo 2000-ci illərin əvvəllərində bazarda lider idi, lakin sonra bu mövqeyini Google-a uduzub. 2021-ci ildə Yahoo Apollo Global Management tərəfindən satın alınıb və bu tarixdən sonra şirkət yenidən inkişaf etməyə başlayıb.
Chrome brauzerinin mümkün alıcıları sırasında OpenAI və Perplexity kimi şirkətlərin də adı çəkilir.
Google isə xəbərdarlıq edir ki, Chrome-un başqa bir şirkətə satılması, istifadəçilər üçün mənfi nəticələrə səbəb ola bilər. Məsələn, yeni sahib brauzeri pullu edə bilər və ya onun texniki dəstəyini zəiflədə bilər.